Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) əcnəbi tələbələr üçün “Qış məktəbi” layihəsinin icrasına başlayır. Rusiyanın müxtəlif universitetlərinin 42 tələbəsi layihədə iştirak etmək hüququ qazanıb.
Fevralın 5-dən 22-dək davam edəcək “Qış məktəbi”ndə tələbələr üç qrup şəklində AzMİU-nun Memarlıq fakültəsində keçirilən ixtisas dərslərində iştirak edəcəklər.
İxtisas dərslərində rusiyalı tələbələrə fakültənin müəllimləri əsasən ”Azərbaycanın müasir memarlığı” mövzusunda silsilə mühazirələr oxuyacaqlar.
Dərsdən sonra tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olması üçün avtobuslarla turların təşkili nəzərdə tutulur. Turlar müəyyən ixtisas dərslərinin əyani şəkildə keçirilməsi üçün planlaşdırılıb. Bundan başqa, rusiyalı tələbələrin bölgələrə səfərləri də planlaşdırılıb.
Layihəni uğurla başa vuran tələbələrə sertifikatlar veriləcək.
Qeyd edək ki, “Qış məktəbi” layihəsi AzMİU-da artıq ikinci dəfə reallaşdırılır. Ötən ilin fevralında Rusiyadan 36 tələbə bu layihədə iştirak edib.