ABŞ-ın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropoliten Muzeyində “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın ingilis dilinə tərcümə olunmuş “Azərbaycan xalçası” ensiklopediyasının təqdimat mərasimi keçirilib.
Müəllifin özünün də iştirak etdiyi mərasimdə Azərbaycanın mədəni irsi geniş auditoriyaya təqdim olunub.
Təqdimat muzeyin Toxuculuq məmulatlarının konservasiyası departamenti tərəfindən təşkil edilmiş “Qış-2018” simpoziumu çərçivəsində keçirilib.
Röya Tağıyeva simpoziumda “Azərbaycan xalçası ənənələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 2010-cu ildə UNESCO tərəfindən dünya irsinin bir parçası elan edilmiş Azərbaycan xalça sənətinin əsas inkişaf mərhələləri və xüsusiyyətlərindən bəhs olunub.