Yanvarın 23-də Lənkəran Dövlət Dram Teatrında uzun illər bu sənət ocağında çalışmış Əməkdar artist Təvəkkül Əliyevin xatirəsi anılıb. Tədbir aktyorun vəfatının ildönümünə həsr olunub.
Anım mərasimində teatrın direktoru Tofiq Heydərov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Zemfira Əhmədova və digər çıxış edənlər uzun müddət çiyin-çiyinə çalışdıqları aktyor dostları haqqında xatirələrini dilə gətirməklə onun teatr sənətində xidmətlərindən danışıblar.
Bildirilib ki, Təvəkkül Əliyev 1950-ci ildə anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra təyinatla yenicə açılmış Lənkəran Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. Teatrda işlədiyi 43 il müddətində T.Əliyev üslub, forma, məzmun, estetik dəyər və psixoloji tutum baxımından fərqli janrlarda hazırlanmış 100-dən çox tamaşada iştirak edib. Aktyorun xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb, 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Çıxışçılar ürək ağrısı ilə qeyd ediblər ki, amansız ölüm istedadlı aktyoru yaradıcılığının çiçəkləndiyi vaxtda - 2017-ci ilin 23 yanvarında sevdiyi doğma teatrdan, sənət dostlarından ayırıb. Vurğulanıb ki, illər, qərinələr ötsə də, Təvəkkül Əliyevin işıqlı xatirəsi onun dostlarının, pərəstişkarlarının xatirəsində yaşayacaq.