Azərbaycan kinosu - 120
Görkəmli ədib Cəfər Cabbarlı (1899-1934) Azərbaycan dramaturgiyasının inkişafına töhfələr verməklə yanaşı, ölkəmizdə kinematoqrafiyanın tərəqqisində də müstəsna rol oynayıb. Məlumdur ki, C.Cabbarlı bir neçə bədii filmin ssenari müəllifidir. Bu ssenarilərdən “Hacı Qara” (“Sona”), “Sevil” və “Almaz” ekranlaşdırılıb. “1905-ci ildə” ilə “Yaşar”ın ssenariləri isə arxivdə saxlanılır. Bu yazıda “Almaz” (1936) tammetrajlı bədii filmindən söz açacağıq.
C.Cabbarlı böyük dramaturq olmaqla bərabər, həm də kino dilini bilən bacarıqlı ssenarist, rejissor olub. Kino tarixçisi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə onun ssenarilərini dinamik və kino sənəti üçün çox xarakterik hesab edir. Ədib dövri mətbuatda dərc etdirdiyi “Almaz” ssenarisini nə üçün yazdım?” məqaləsində pyesin ekran variantını qələmə almaq səbəblərindən söz açıb. Bildirib ki, Pedaqoji Texnikumu və digər tədris müəssisələrini bitirən gənclər çox vaxt ucqar dağ rayonlarında müəllim işləməkdən imtina edirlər. Bəzən də kiminin valideyni, kiminin də adaxlısı buna icazə vermir... O, məqaləsində respublikanın ucqar yaşayış məntəqələrinə işləməyə gedən gənc qızları ayıq-sayıq olmağa çağırır...
* * *
C.Cabbarlı hələ sağ ikən “Almaz” filminin çəkilişlərinə hazırlıq işləri (iyun 1934-cü il) görülür. O, Almaz rolunda çəiləcək qız sorağında Bakının kənd və məhəllələrini gəzir. Nəhayət, Sovetski məhəlləsində bir ailə ilə dil tapır. Qızın atası ilə xeyli söhbət aparır və valideynlər qızlarının kinoya çəkilməsi təklifini qəbul edirlər. Ancaq qızın nişanlısı bu çəkilişə razılıq vermir. Kor-peşman geri dönən dramaturq səhəri gün qəzetdə dərc olunan məqaləsində yazır: “...Dünyaya işıq verməyən günəş, kimsəyə görsənməyən gözəllik kimə və nəyə lazımdır!”
Dramaturq “Almaz”ın çəkilişi ilə bağlı yaradıcı qrupu müəyyən edir. Hətta aktyorlar arasında sınaq çəkilişləri də aparır. Səhnə ustalarından ibarət gözəl aktyor ansamblı yaradır. Xeyri Əmirzadəyə Kərim, Əlisəttar Məlikova Barat, Ələkbər Hüseynzadəyə Hacı Əhməd, İsmayıl Hidayətzadəyə Şərif, Panfilya Tanailidiyə Fatmanisə, Əli Qurbanova Aftil, Əzizə Məmmədovaya Telli, Mirzağa Əliyevə Mirzə Səməndər, Ələsgər Ələkbərova Fuad, Əhməd Qəmərlinskiyə kənd sovetinin sədri rollarını tapşırır. Almaz roluna “Sevil” filmində baş rolu oynamış İzzət Orucovanı, Yaxşı roluna isə öz qardaşı qızı Mələk xanımı təsdiq edir.
Cabbarlı filmi çəkəcəyi naturanı da müəyyənləşdirmişdi. Yaradıcı qrupla birgə Şamaxı rayonunun Dədəgünəş kəndinə gedib çəkiliş üçün yer seçmişdi. Lakin dramaturqun 1934-cü ilin 31 dekabrında qəfil ölümü onun bu işini yarımçıq qoyur...
C.Cabbarlının ölümündən sonra filmin çəkilişi quruluşçu rejissorlar Ağarza Quliyev və Qriqori Braginskiyə tapşırılır. Mələk xanım roldan imtina etdiyi üçün Yaxşı obrazı aktrisa Hökümə Qurbanovaya həvalə olunur.
* * *
Filmdə sosialist quruluşunun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan çətinliklərdən bəhs olunur. Eyni zamanda kollektivləşmə dövründə ucqarlarda gedən sinfi mübarizədən, belə çətin vaxtda kəndə işləməyə gələn gənc müəllimə Almazın keşməkeşli həyat yolundan söz açılır.
Almaz 1930-cu ildə Azərbaycanın ucqar dağ kəndi olan Sarıtorpaq yaşayış məntəqəsinə işləmək üçün gedir. İlk günlərdən gənc müəllimənin gəlişinə sevinən, ona kömək edəcək adamlar olur. Bunlar yoxsul Aftil, arvadı, komsomolçu Barat və kənd qızı Yaxşıdır. Kənd ağsaqqalı Hacı Əhməd isə müəlliməyə “məsləhətləri” ilə yardım edir.
Müəllimə kəndin qadınlarına kömək etmək məqsədilə xalçaçılıq arteli təşkil etmək istəyir. Hacı Əhməd bu təşəbbüsü alqışlayır. Ancaq ilk gündən Almaza ədavətlə yanaşan məktəb müdiri Mirzə Səməndər hanaları məktəbin həyətinə yığmağı qadağan edir. Hacı Əhməd isə xalçaçılıq arteli üçün boş qalmış məscidi Almaza göstərir. Almaz məscid binasını artel üçün tutmağa hazırlaşdığı vaxtda kənd qadınları və qocalar buna razı olmurlar. Hətta müqavimət göstərməyə təşəbbüs edirlər. Lakin gənc müəllimə haqq işi uğrunda vuruşduğunu bilir və mübarizə meydanından qaçmır.
İstər mövzu, istərsə də qaldırılan problemlərin həlli baxımından “Almaz” filmi öz dövrü üçün aktual olub. Bu ekran işi Azərbaycan kinosunun sonuncu səssiz filmidir. İki variantda çəkilən filmin birinci variantı tam səssizdir. İkinci variantda isə yalnız musiqidən istifadə edilib. Filmin musiqisini bəstəkarlar Niyazi və Zülfüqar Hacıbəyov yazıb.
Respublikanın o dövr mədəni həyatında əlamətdar hadisəyə çevrilən film haqqında dövri mətbuatda müxtəlif müsbət fikirlər söylənilib. Kinoşünas N.Hacınskaya film haqqında yazır: “Almaz” filmi azərbaycanlı qadın obrazının təcəssümündə kino tarixində yeni səhifə idi... Almaz özü üçün deyil, başqalarından ötrü mübarizə aparırdı... Azərbaycan filmlərində qəhrəman qadın obrazının sonrakı inkişafı artıq başqa vəziyyətlərlə, başqa dövrlə bağlıdır”.
Görkəmli gürcü rejissoru Nikolay Şengelaya ssenari və baş qəhrəman Almaz haqda deyib: “Mən təsdiq edirəm ki, bu, dramaturji əsərlərdən biridir... Şübhəsiz bu əsərə quruluş verilməlidir. Çünki bu, dolğun əsərdir. Əsərdə qəhrəman qadın fiquru qabardılıb. Mənə sovet kinematoqrafiyasında qəhrəman qadın fiqurunun adını çəkə bilərsinizmi?”
Beləliklə, sonuncu səssiz filmimiz Azərbaycan mədəniyyətində böyük səs-səda doğura bilmişdi. Mütəxəssislərin fikrincə, film respublikamızda kinonun sonrakı inkişafına da öz müsbət təsirini göstərib.
Savalan Fərəcov