Ankarada “İRS” beynəlxalq jurnalının türk dilində növbəti nömrəsi çapdan çıxıb. 
   Baş redaktor Musa Mərcanlının ön sözü ilə başlayan jurnalda Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 25 illiyi, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları, ermənilərin 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdikləri mart soyqırımı, ötən əsrdə ölkəmizdə aparılan müstəqillik mübarizəsi, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularda məqalələr yer alıb. Nəşrdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin və Türkiyənin Bakıdakı səfiri Erkan Özoralın məqalələri də verilib.
   1918-ci ilin martında erməni-daşnak hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın dəhşətləri, keçmiş SSRİ-nin süqutu ərəfəsində erməni millətçi dairələrinin Azərbaycana qarşı əsassız ərazi iddialarının yaratdığı münaqişə barədə məqalədə qeyd olunur ki, erməni millətçi dairələrinin hər dəfə dəyişən siyasi şəraitə uyğun olaraq Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı, terror, deportasiya və torpaq işğalı ilə nəticələnən silahlı təcavüzkarlıq real təhlükə olaraq bu gün də qalmaqdadır. “Qarabağsız Azərbaycan yoxdur” sərlövhəli infoqrafika Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini əks etdirir.