Azərbaycan Respublikası Prezidentinin 2 fevralın Gənclər günü kimi qeyd olunması haqqında sərəncamına, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2-6 fevral 2018-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək. 
   2016-cı ildən etibarən layihə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birlikdə keçirilir. Bu dəfə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır. 
   Festivalın açılışı fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Mərasimdə istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub.
   3 fevralda Azərbaycan Milli Kitabxanasında gənc yazarlarla görüş, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Prezident təqaüdçülərinin konserti və gənclərin rəsm əsərlərindən ibarət sərgi keçiriləcək.
   Festival proqramına Masallı “ASAN Həyat” kompleksində gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi, gənclərin fotoəsərlərindən ibarət sərgi, Mingəçevir Dövlət Dram Teatrında “ASAN Könüllüləri”nin təqdimatında “Kölgə” tamaşasının premyerası, Gədəbəy Aşıq Məktəbində gənc aşıqların konserti və s. tədbirlər daxildir.