Yanvarın 27-dən 31-dək davam edən qış tətili günlərində paytaxtın muzeyləri məktəblilər üçün maraqlı proqramlar hazırlayıblar.
   Milli İncəsənət Muzeyi yeni tədbirini alman yazıçısı Ernst Hoffmanın xalq nağılları əsasında yazdığı “Şelkunçik” (“Fındıqsındıran və siçanlar kralı”) əsərinə həsr edib.
   “Şelkunçiklə muzeydə tətil” proqramını parlaq, şən və yaddaqalan etmək üçün uşaqlara öz qabiliyyətlərini göstərmək imkanı yaradılıb. Uşaqlar nağılın baş qəhrəmanı - məğrurluğu və cəsurluğu ilə balacaların könlünü fəth edən Şelkunçikin rəsmini yaradaraq panno üzərində quaşla rəngləyiblər. 
   Bakı Xoreoqrafiya Akademiyasından dəvət olunmuş xoreoqraf İnara Zeynalova uşaqlara ilkin balet elementlərini nümayiş etdirib. Tədbirin əyləncəli hissəsində viktorinada iştirak edən uşaqlar “Şelkunçik” nağılına həsr olunmuş kölgə tamaşasını da maraqla izləyiblər.
   * * *
   Azərbaycan Xalça Muzeyində isə məktəblilər üçün ustad dərsləri təşkil olunub. İkigünlük (30-31 yanvar) proqram məktəblilərə “Applikasiya əl işləri”, “Dekorativ bəzək əşyası”nın hazırlanması, “Hərəkət edən şəkillər”in çəkilməsi, “Gülməli papaqlar”ın hazırlanması və s. əl işləri öyrədilməsini nəzərdə tutur. Proqrama xalça növləri ilə bağlı maarifləndirici müzakirələr də daxildir.
   Qeyd edək ki, Xalça Muzeyində mütəmadi olaraq uşaqlar üçün maraqlı təlimlər, kurslar, ustad dərsləri təşkil olunur. Muzeydə hər ayın son şənbə günü “ailə günü” çərçivəsində uşaqlar üçün xüsusi proqramlar təqdim olunur.