Baletmeysterlə sənət söhbəti 
   
   Bu günlər maraqlı yaradıcılıq hadisəsinin ərəfəsindəyik. Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Qoyya” baletinin premyerası keçiriləcək. Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulan əsər dahi bəstəkarın 100 illik yubileyinə teatrın töhfəsi olacaq. 
   Balet Qara Qarayevin hələ 1971-ci ildə “Lenfilm” və “DEFA” (o vaxtkı Şərqi Almaniya) kinostudiyalarının birgə istehsalı olan eyniadlı bədii filmə yazdığı musiqi və 1979-cu ildə oğlu, görkəmli bəstəkar Fərəc Qarayev ilə birlikdə işlədiyi “Qoyya” simfoniyası əsasında yaradılıb. Baletin libretto müəllifi yazıçı Yana Temiz, quruluşçu xoreoqrafı Vasili Medvedyev, quruluşçu rəssamı Dmitri Çerbacidir. Yeri gəlmişkən, elə bu beynəlxalq miqyaslı heyət təxminən on il əvvəl bizim teatrda “Yeddi gözəl” baletinin yeni redaksiyası üzərində çalışmışdı. Odur ki, “Qoyya”nın da maraqlı və fərqli tamaşa olacağını gözləməkdə haqlıyıq. 
   Hələliksə, teatrda “Qoyya”nın son məşqləri gedir. Adətən balet tamaşalarının məşqlərinə kənar şəxsləri, xüsusilə də müxbirləri buraxmırlar. Çünki balet tamaşası üzərində iş hətta baş məşqdən, daxili baxışdan sonra da davam edir, jestlər, hərəkətlər premyerayadək cilalanır. Amma teatr rəhbərliyi bizə bu imkanı yaratdı və biz Estoniyanın Əməkdar artisti, Dövlət mükafatı laureatı, professor, Avropa teatrlarında onlarla tamaşaya quruluş vermiş baletmeyster Vasili Medvedyevin öz assistenti Stanislav Feço ilə apardığı məşqə baxdıq, onunla söhbət etdik. 
   ...Güzgülü məşq salonunda “Qoyya”nın cizgiləri canlanır. Təbii ki, bura səhnə deyil, dekorasiyalar qurulmayıb, artistlər də məşq paltarındadır. Medvedyev və Feço bu dəfə tamaşanın ilk səhnələrini - artıq ömrünün sonunu yaşayan xəstə və qoca rəssamın sevgi, yaradıcılıq, intriqalar dolu gəncliyini xatırladan xəyallarının canlanmasını məşq edirlər. Budəfəki Qoyya - solist Anar Mikayılovdur. Kordebaletin bu məşqində detallar üzərində iş gedir. Baletmeyster və assistenti artistlərin piruetlərin (rəqqasın yerindəcə bir ayaq üzərində fırlanması) sayı, aplombun (hərəkəti ifa edərkən tarazlığı saxlamaq bacarığı) ardınca hansı hərəkətə keçid barədə təkliflərini diqqətlə dinləyirlər. Eyni səhnə dəfələrlə təkrarlanır. Kütləvi səhnədə kiminsə hərəkəti musiqinin taktından yayınırsa, ümumi mənzərənin nizamı pozulursa, mütləq həmin səhnə yenidən işlənilir. 
   Nəhayət, kordebaletin ifası baletmeysteri razı salır. O, “İkinci xəyal” səhnəsində Qoyya ilə onun sevgilisi, zadəgan xanım Kaetana Albanın görüşünün məşqinə başlayır. Yenə də Qoyya Anar Mikayılovdur, Alba isə - Əməkdar artist Nigar İbrahimova. Bu səhnənin məşqi zamanı hərəkətlərin texniki ifasından daha çox hislərin bədən plastikası ilə çatdırılmasına diqqət yetirilir. Hər iki solist çox yaxşı fiziki formadadır. Sadəcə, təcrübəli pedaqoqun kənardan baxışı və düzəlişi gərəkdir ki, onların qoşa çıxışı istedadlı və çılğın rəssamla gözəl və cəsarətli qadının sevgisinə tamaşaçını inandırsın. V.Medvedyev səbirlə hər iki artistdən istədiyi ifanı almayınca əl çəkmir. Nigarla Anar da bu təkrarlardan heç usanmır, diqqətlə baletmeysterin tələblərini yerinə yetirirlər. 
   Nəhayət, məşq bitir, bizim də intizarımızın sonu gəlir. İndi teatrın qonağı ilə söhbət edə bilərik. 
   Amma istərdik ki, əvvəlcə onu oxucularımıza yaxından tanıdaq. 
   Vasili Medvedyev 1957-ci il dekabrın 18-də anadan olub. A.Y.Vaqanova adına Leninqrad Akademik Xoreoqrafiya Məktəbində təhsil alıb. 1976-cı ildən həm balet artisti kimi fəaliyyətə, həm də miniatür xoreoqrafik etüdlər hazırlamağa başlayıb. İndiki Peterburq Mixaylov teatrının solisti kimi böyük səhnəyə çıxsa da, 1981-ci ildə Estoniyada çalışmağa başlayıb. 1989-cu ildə ali xoreoqrafiya təhsili alandan bəri həm solist, həm də baletmeyster kimi dünyanın müxtəlif teatrları ilə əməkdaşlıq edir. Qeyd etdiyimiz kimi, bizim teatrla işbirliyi “Yeddi gözəl” baletinin yeni redaksiyada səhnəyə qayıdışı ilə başlayıb. 
   
   - Vasili, bir qədər gec də olsa, yubileyiniz münasibətilə təbrik edirik. Sağlam həyat, yaradıcılıq dolu illər arzu edirik. 
   - Çox sağ olun. 
   
   - Söhbətimizə bir qədər uzaqdan başlamaq istəyirik. Adətən, erkən yaşda sənətlə məşğul olmağa başlayan uşağın seçimini valideyn müəyyən edir. Bu səbəbdən uşaqların çoxu balet, simli alət ifaçılığı kimi sahələrdə tab gətirmir. Böyüklər kimi səhərdən axşamadək məşq etmək hər uşağın işi deyil. Sizin seçiminiz necə baş verib? 
   - Anam danışırdı ki, mən körpəlikdən çox çevik, hərəkəti sevən, barmaqları üstündə gəzən olmuşam. Həqiqətən də, uşaqlığımı yadıma salanda özümü rəqs edən görürəm. 4 yaşımdan isə Leninqradın ən yaxşı pionerlər evindəki rəqs dərnəyinə getmişəm. Dərnəkdəki müəlliməm Nona Yastrebova Mariinsk teatrının solisti olmuşdu. Anama da o məsləhət görmüşdü ki, məni xoreoqrafiya məktəbinə aparsın. Düzdür, birinci dəfə sənədlərimi götürməyiblər ki, çox kökəm. Amma inadla bir il hazırlaşandan sonra istəyimə çatdım. Elə o vaxtdan həyatımda baletdən başqa bir işlə məşğul olmadım. 
   
   - Bəs sizi baletə nə bağladı?
   - Yəqin ki, sənət sevgisi. Bu sevgi mənə anamdan keçib. Anam opera müğənnisi olmaq istəyirmiş. Gözəl səsi də var idi. Amma müharibə onun arzularını məhv edib. Uşaqlığı mühasirədə qalan Leninqradda keçmişdi deyə, arzusu ürəyində qalmışdı. Mən baletə həvəs göstərib teatrı seçməklə həm də anamın arzusunu yerinə yetirdim. 
   
   - Balet artisti kimi karyerasını başa vuran hər kəs sənətdə qalmır. Çünki hər yaxşı artistdən yaxşı pedaqoq, xoreoqraf çıxmır... 
   - Elədir. Amma bəxtim gətirib ki, Tanrı mənə rəqsi öyrətmək, qurmaq bacarığı da verib. Hələ Vaqanova adına məktəbdə oxuyanda müəllimlərim mənə rəqs nömrələri hazırlamağa icazə verirdilər. Sonralar konservatoriyada xoreoqrafiya, rejissorluq təhsili aldım. Buna görə də rəqqas karyeramı başa vurandan sonra baletdən uzaqlaşmaq lazım gəlmədi. 
   
   - Bir müsahibənizdə demisiniz ki, tamaşa, ya da rəqs nömrəsi hazırlayarkən ilk növbədə solistlərin imkanlarını nəzərə alırsınız. Bizim balet truppasının imkanlarını necə qiymətləndirirsiniz? Hər necə olsa, “Qoyya” sizin Bakıda ikinci tamaşanızdır. 
   - Təbii ki, ötən on il balet truppası üçün böyük müddətdir. Artıq teatrda nəsil dəyişməsi baş verib. “Yeddi gözəl” hazırlananda çox gənc olanlar artıq aparıcı solistdirlər. Bilirsiniz, baletmeyster həmişə solistlərin, xüsusilə aparıcı solistlərin qabiliyyətinin açılmasına, onun indiyədək bəlli olmayan qabiliyyətinin üzə çıxmasına çalışmalıdır. Mən də solist olmuşam. O zaman xoreoqraf bacarığımı nəzərə almayıb öz düşündüyü plastikanı mənə təlqin etməyə çalışanda dözə bilmirdim. Bu gün özüm də çalışıram ki, artisti daha yaxşı tərəfdən göstərə bilim. Buna görə də premyeraya lap bir dəqiqə qalanadək tamaşa üzərində iş, solistlərin hər bir hərəkətinin cilalanması davam edəcək. 
   
   - Sizin şəxsi saytınızla maraqlananda gördüm ki, hər il dünya teatrlarında müxtəlif baletlərə klassik rus balet məktəbi ənənələrindən ta avanqardadək fərqli quruluş verirsiniz. Gəlin razılaşaq ki, “Karib dənizinin quldurları” baletində Moris Petipa məktəbinin tələblərinə riayət etmək çox cansıxıcı olardı... 
   - Mən xoreoqrafiya məktəbində oxuyarkən hələ tiperatorun qarşısında çıxış etmiş qocaman balet artistlərindən dərs aldım, klassik məktəbi öyrəndim. Konservatoriyada təhsil alanda bizi müasir bəstəkarların musiqisi ilə işləməyə hazırlayırdılar. Yəni mənim üçün klassik, ya avanqard balet qurmaq çətin deyil. Təəssüf ki, ildən-ilə müasir tamaşaların sayı azalır. Teatrların çoxu tanınmayan əsəri, məşhur olmayan müəllifin baletini repertuara salmaqdan çəkinir. Amma cəsarətli teatrlar da var. Bir müddət əvvəl Skopye Opera və Balet Teatrında (Makedoniya) Litva bəstəkarı Neria Qoldberqin “Kleopatra” baletinə quruluş verdim. Bu, tamamilə yeni tamaşa idi. 
   
   - Bəs “Qoyya”? 
   - “Qoyya” baleti ideyası yarananda əvvəlcə eyniadlı filmin və simfoniyanın musiqisindən istifadə etməliydik. Amma bu musiqi tamaşa üçün kifayət etmədi. Odur ki, Qara Qarayevin Birinci və Üçüncü simfoniyalarından, “Skripka üçün konsert”indən istifadə etməyə qərar verdim. İlk baxışda adama elə gələr ki, bu əsərlər balet musiqisi ola bilməz. Amma Yana Temizin librettosu ilə, mənim düşündüyüm quruluşla musiqi bir-birini tamamlayır. Əvvəldən bir qədər bu məsələyə şübhə ilə yanaşanlar artıq fikirlərini dəyişiblər. Orkestrlə ilk məşqlərdə truppa sübuta yetirdi ki, onun üçün müəyyən qədər qəliz simfonik musiqini eşidib hərəkətin, plastikanın dili ilə “danışmaq” o qədər də çətin deyil. 
   * * *
   ...Vasili Medvedyev ilə söhbətimiz maraqlı keçdi. Fevralın 3-də qarşılaşacağımız “Qoyya” tamaşasının müsahibəmizdən də maraqlı keçəcəyinə inamımız artdı. Əslində belə də olmalıdır: böyük ispan rəssamının xatirəsi, dahi Azərbaycan bəstəkarının musiqisi, maraqlı quruluş və libretto, ən başlıcası, bizim teatrın tamaşası! 
   Gözləyirik! Təəssüratımıza gəlincə, onu mütləq sizinlə bölüşəcəyik... 
   
   Gülcahan Mirməmməd