Yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyi qeyd edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” ASC İdarə heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, qədim tarixə və mədəniyyətə malik Naxçıvan zəngin xalçaçılıq ənənələri ilə də tanınır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova, akademik İsa Həbibbəyli, professor Vidadi Muradov və digər çıxış edənlər Naxçıvanın tarixən Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu, bölgədə xalçaçılıq sənətinin bu gün də yaşadılaraq inkişaf etdirildiyini vurğulayıblar.
Qeyd olunub ki, 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi bu işə öz töhfəsini verir. 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı bu gün 3400-ü ötüb, onlardan 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Muxtar respublikanın peşə məktəblərində xalçaçılıq kursları, Qızlar liseyində toxuculuq və xalçaçılıq dərnəyi açılıb. Professor Vidadi Muradovun elmi rəhbərliyi ilə hazırlanıb nəşr olunan “Azərbaycan xalçaları - Naxçıvan qrupu” kitabı bölgənin xalçaçılıq məktəbinin gələcək nəsillərə çatdırılmasında dəyərli mənbədir. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı da bu istiqamətdə görülən işlərin davamıdır.
Sonra Vidadi Muradov 1910-cu ildə Şərur rayonunun Aşağı Aralıq kəndində toxunmuş xalçanı muzeyə hədiyyə edib.