Dünyanın ən böyük rəqəmsal videoməlumat portalı olan “YouTube”da ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) bölməsi fəaliyyətə başlayıb.
Azərbaycanın mədəniyyəti, incəsənəti, turizm potensialı, habelə ölkəmizin əldə etdiyi nailiyyətləri daha geniş coğrafiyada təbliğ etmək məqsədilə yaradılan bölmə daim yenilənir.
Bölməyə AMM-in keçirdiyi tədbirlər, layihələr, Azərbaycan və Özbəkistan telekanallarında nümayiş etdirilən verilişlər, videomateriallar, milli mədəni irsimizə dair ekran əsərləri, milli rəqslərin videoyazıları daxil edilib. Burada həmçinin mərkəz tərəfindən hazırlanan sənədli filmlər, videoçarxlar, özbək dilinə dublyaj olunan Azərbaycan bədii və cizgi filmləri, musiqi layihələri, kliplər yerləşdirilib.
Mərkəzin direktoru Samir Abbasovun verdiyi məlumata görə, kanala Azərbaycan, özbək, rus və ingilis dillərində məlumatlar açar sözlər üzrə daxil edilir ki, izləyici hər hansı bir sözə görə axtarış apararkən ətraflı məlumat əldə edə bilər. Xüsusi işçi qrup videomaterialları montaj edərək “YouTube”dakı Azərbaycan Mədəniyyət Mərkəzinin bölməsinə yükləyir.