Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən “Haute Couture” moda həftəsi çərçivəsində “Nargis” jurnalının 5 yaşı qeyd edilib. Moda həftəsi Azərbaycanın Fransadakı səfirliyinin, “Tattigner Champagne”, “BF Travel”, “Gyunel”, “Le Louis XV”, “Maison Samadi” şirkət və markalarının birgə təşkilatçılığı ilə gerçəkləşib. 
   Tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan əsilli fransız aktyor Rober Hossein, onun həyat yoldaşı aktrisa Kandis Patu, Sen-Klu şəhərinin meri Erik Berdoati, moda aləminin məşhur simaları, “Dior” muzeyinin direktoru Filipp Lö Moll, “Damiani”, “Bulgari”, “Van Cleef & Arpels”, “Chanel”, “Louis Vuitton”, “Piaget” kimi məşhur markaların nümayəndələri, biznes və sənət dünyasından tanınmış şəxslər iştirak ediblər.
   Jurnalın fəaliyyətinə həsr olunmuş fotosərgi, musiqi proqramı, jurnal üçün çalışan fotoqrafların və illüstratorların əsərləri böyük maraqla qarşılanıb. Tədbir zamanı 1934-cü ildən fəaliyyət göstərən "Studio Harcourt Paris" fotostudiyasının satış direktoru Paulina Rust-Johnkman fotolarında loqosunu “Nargis” jurnalının adı ilə birgə yerləşdirməyə razılıq verib. 
   Jurnalın baş redaktoru Ülviyyə Mahmudovanın eskizləri əsasında kukla hazırlayan gənc usta Günay İbrahimova sərgi çərçivəsində işlərini təqdim edib.
   “Nargis” jurnalı moda həftəsinə Azərbaycandan ilk dəvət alıb və rəsmi olaraq “Fashion Week” media sisteminə müstəqil nəşr kimi daxil olub. Jurnal moda sənayesinin və media qruplarının nümayəndələrini, eləcə də Azərbaycanın dizayner, qrafist və fotoqraflarını beynəlxalq səviyyədə tanıdır.