Prezident İlham Əliyev yanvarın 31-də Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, bu sahədə operativliyi və şəffaflığı təmin etmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkənin beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təhvil verilməsini mərhələli şəkildə həyata keçirməli, hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısını Dövlət Agentliyinə təqdim etməli, bu dəyişikliklər barədə müvafiq ölkələrin diplomatik nümayəndəliklərini məlumatlandırmalıdır.
“Azərbaycan Hava Yolları” QSC xarici və yerli aviasiya şirkətləri tərəfindən Azərbaycana gətirilən sərnişinlər barədə əldə etdiyi məlumatların real vaxt rejimində “ASAN Viza” sisteminə göndərilməsini təmin etməlidir.
Fərman 2018-ci il mayın 15-dən qüvvəyə minir.