Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 31 yanvar tarixli qərarına əsasən, 2018-ci il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, akademiklər Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusuf Məmmədəliyev və Musa Əliyev adına mükafatları üzrə müsabiqə elan olunub.
Müsabiqənin keçirilməsinin məqsədi elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirməkdir.
AMEA-nın adlı mükafatları öz əsasnamələrinə uyğun olaraq müvafiq elm sahələri üzrə böyük əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.
Namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.
Namizədlərin irəli sürülməsi ilə bağlı sənədlər martın 1-dək AMEA-nın Elm və təhsil idarəsinə təqdim edilməlidir.