“...Mən o qədər də özünə qürrələnən adam deyiləm ki, məsələn, Qara Qarayev kimi böyük sovet bəstəkarı haqqında danışanda “mənim şagirdim” ifadəsini işlədim. Amma mən bu gözəl musiqiçinin Moskva konservatoriyasında rəhbərliyin mənə həvalə edildiyi bəstəkarlıq sinfində dərs alması ilə həmişə qürur duyacağam...” 
   
   Bu sözlər dahi rus bəstəkarı, XX əsr dünya klassik musiqisinin görkəmli nümayəndələrindən biri Dmitri Şostakoviçə məxsusdur. Bu cür şərhdən sonra böyük Azərbaycan bəstəkarı haqqında hər hansı başqa tərifli söz sadəcə rəsmiyyət kimi səslənir. Axı Q.Qarayevin özü üçün Dmitri Şostakoviç, musiqidə olduğu kimi, həyatın bütün mövqelərində avtoritet, müəllim, dost, pərəstişkar, hakim idi.
   İlk baxışda Qara Qarayevin taleyi çiçək səpilmiş hamar bir yola bənzəyir. Həqiqətən də, 1946-cı ildə 28 yaşında, hələ konservatoriyanın tələbəsi olarkən o, Cövdət Hacıyev ilə birlikdə “Vətən” operasına görə Stalin mükafatına layiq görülmüşdü. 1948-ci ildə isə 30 yaşında “Leyli və Məcnun” simfonik poemasına (1947) görə ikinci dəfə Stalin mükafatını alır. 1952-ci il - “Yeddi gözəl” baletinin parlaq premyerası, 1957-ci il - Q.Qarayevin musiqi bəstələdiyi “Don Kixot” filminin uğuru, həmin ildə - “İldırımlı yollarla” baletinin premyerası (bəstəkar 1967-ci ildə bu əsərinə görə Lenin mükafatı almışdı), 1959-cu il - SSRİ Xalq artisti adının verilməsi... Bəstəkarın həyat xronometrajı sanki finiş xəttinə çıxmış insanın getdikcə artan nəbzini xatırladır. O, həmişə vaxtının və qüvvəsinin qədrini bilmiş, boş söhbətlərdən, izahlardan, artıq vurnuxmadan qaçmışdır. Bəstəkarın ömür yolu qısa, lakin zəngindir. 
   “Küncdə dayanan royalı görürsən? ...mən qısa xoşbəxt saatlarımı yalnız onun arxasında keçirmişəm”, - bəstəkar bir dəfə uşaqlıq dostu, yazıçı İmran Qasımova etiraf etmişdi.
   Q.Qarayevin musiqisi haqqında çox yazılıb. O, hələ sağlığında əsərləri haqqında çox xoş sözlər eşidib. Bunlar sadəcə həvəskar rəyləri və yaxud həmkarlarının nəzakətli reveransları deyildi.
   “Mən Sizi musiqimizi irəli apara bilən və bunu etməyə borclu olan bəstəkarlardan hesab edirəm. Buna görə də çox bəstələyin...”, - D.Şostakoviç hələ lap gənc olan Q.Qarayevə yazırdı. 
   Həmkarları və müasirləri arasında bu qədər yaxından duyulmaq və hörmət qazanmaq hər sənətkara nəsib olmur. Qara Qarayev isə böyük, novator sənətkar idi. Onun sənətini təqdir edənlər arasında nəinki sovet bəstəkarlıq və ifaçılıq məktəblərinin R.Şedrin, İ.Bezrodnı kimi əfsanəvi fiqurları, həmçinin kino və teatr sənətinin Qriqori Kozintsev və Georgi Tovstonoqov kimi korifeyləri vardı.
   “Mən sizin işinizi daha çox sevdim. Qulaq asdıqca, musiqi mənə daha yaxın görünürdü...”, “...Sizin musiqiniz. Mən əvvəllər də onu sevirdim, indi üstündən uzun illər keçdikdən sonra o mənə daha gözəl göründü. Onun altında insanı gah qayğısız həyata, gah da Qolqofaya səsləyən çağırışın hüznü və dərin kədər hissi gizlənir.
   Sizin musiqinizdə romanın mahiyyəti valehedici bir qüvvə və dəqiqliklə duyulur. Bundan yaxşısını düşünmək olmazdı. Sizdə bu özünüzə aid olan nə iləsə üst-üstə düşüb, əks halda ortaya bu cür bəstə çıxmaz”, - “Don Kixot” və “Hamlet”in quruluşçu rejissorundan bu sözləri eşitmək çox dəyərlidir! 
   XX əsr Azərbaycan və dünya musiqisinin ən parlaq simalarından biri olan bu böyük bəstəkarın şəxsiyyətinə Azərbaycan rəssamları da maraq göstərmiş, müxtəlif illərdə onun obrazına müraciət edərək, sənətin müxtəlif sahələrində onu əbədiləşdirmişlər. 
   Qarayevin bədii maraq doğuran ilk portretlərindən biri 1948-ci ildə Tağı Tağıyev tərəfindən yaradılıb. Bu, təkcə bəstəkarın deyil, rəssamın özünün də ilkin yaradıcılıq dövrü idi. Portretdə ikiqat Stalin mükafatı laureatı olan gənc Qara Qarayev təsvir olunub. O, kresloda oturub partituraya baxır. Fikirli baxışı yalnız bir dəqiqəliyə tamaşaçının üzərində dayanır. Rəssamın bir-iki rəngin çalarları çərçivəsində məharətlə görülmüş incə rəngkarlıq işi diqqət çəkir. Yaşıl-zeytunu tonlarda işlənmiş portretdən sanki kreslonun bəyaz üzlüyündə toplanmış və ayrı-ayrı detallarda işıldayan gümüşü nur saçılır.
   Portretin sadə kompozisiyası adamı valeh edir. Burada hər şey uyğun və ahəngdardır. Bədii üsullardan heç biri məqsədli şəkildə həyata keçirilməyib və tamaşaçının diqqətini əsas mövzudan - hələ o zaman özünün daxili təmkini, ziyası və yüksək intellekti ilə tanınan bəstəkarın obrazından yayındırmır.
   Qara Qarayevin Tahir Salahov tərəfindən çəkilmiş portreti isə, həqiqətən də, təkcə Azərbaycan təsviri sənətində deyil, bütün sovet təsviri sənət məktəbində pərəstişə layiq bir işdir. Bu əsər 1960-cı ilə aiddir. O zaman Qarayev artıq Sovet İttifaqında və onun hüdudlarından kənarda yaxşı tanınan və geniş rəğbət qazanmış bəstəkar, iki məşhur baletin, “Don Kixot” filminin, Moskva və Leninqradın aparıcı teatrlarında bir sıra tamaşaların musiqisinin müəllifi, nəhayət, çoxlu sayda dövlət mükafatlarının sahibi, SSRİ Xalq artisti idi. 
   O vaxtlar sovet incəsənətində yaranmış yeni istiqamətin liderlərindən olan gənc T.Salahov, sözsüz ki, öz “modeli”nin real miqyasını və onun obrazının yaradılması üçün daşıdığı məsuliyyətin bütün ağırlığını dərk edirdi. Bu, yeni zaman, yeni epoxa insanının, məqsədyönlü və kompromisə getməyən novator bir sənətkarın obrazı olmalı idi. 
   Əsərin lakonik ağ-qara koloriti az danışması və daxili təmkini haqqında əfsanələr gəzən bəstəkarın xarakteri ilə həmahəngdir. Kətan üzərində eynilə notlar kimi horizontalların düzgün ritmi oxunur. Qarşı-qarşıya olan royal və bəstəkar “duet”i daha dinamik qavranılır. Bir-birini tamamlayan elementlərin bu “görüş”ü son həddə qədər dartılmış yaya, gərilmiş iplə kamanın qarşılıqlı təsirinə oxşayır. Bütün hallarda, burada plastik motivə bürünmüş nəhəng bir qüvvənin yaradıcı potensialı təqdim olunmuşdur. 
   Burada bəstəkarın sözlərini xatırlamaq yerinə düşərdi: “...bəlkə də incəsənətin başqa heç bir növünə fikir və hisləri yüksəldən belə qüdrətli, qanadlandırıcı qüvvə, incə psixoloji təhlil aparmaq və eyni zamanda kollektiv, kütləvi, birləşdirici olanın emosional atmosferini yaratmaq üçün sonsuz qabiliyyət verilməmişdir”.
   Bəstəkarın obrazını ümumiləşdirilmiş manerada verən, onun plastik həllini ideyaya tabe etdirən rəssam, sözsüz ki, bu yaradıcı pafosu tutmuş, neytral, həyati mühitdə belə bəstəkarın öz daxili baxışlarını və duyğularını növbəti əsərinə yönəltdiyi permanent yaradıcılıq vəziyyətini vermişdir.
   “...Balkonda oturub çay içir, suallarımıza cavab vermir, və... bəstələyir...” Cəlal Qaryağdının heykəltəraşlıq portretində bəstəkar məhz bu cür susqun, lakonik, öz daxili aləminə qapanmış təsvir olunur.
   Q.Qarayevin obrazı burada sanki dinamik hərəkətin nəticəsi kimi qatı bəyaz mərmər kütləsinin ənginliklərindən doğur. Üz cizgiləri xüsusi işlənmişdir: almacıq sümükləri dartılmış, alın əzələləri sanki daxildə kükrəyən enerjinin hesabına qabarmışdır - bütün bunlar G.Kozintsevin Qara Qarayev musiqisində eşitdiyi “yaradıcılıq iztirabları” ilə də, “Qolqofa” ilə də assosiasiya olunan obrazı yaradır. Burada daş substansiya iradəni buxovlayan sarkofaq, bəstəkarın gerçəkləşməmiş planlarını boğan inersiya kimidir.
   R.Qasımovun çəkdiyi portretdə bəstəkar dərin düşüncələrə dalmış filosof, “dünyanın dərdləri” ilə qayğılanmış mütəfəkkir obrazında çıxış edir.
   Bu əsər rəssamın tətbiq etdiyi qeyri-adi texnika (materiya üzərinə səpilmiş çay tozu) ilə yanaşı ümumi həllinə görə də diqqət çəkir: tablo iri formatdadır (100x150 sm) və bütünlüklə bəstəkarın üzünü əks etdirir. Plastik işlənmiş obraz Q.Qarayevin baxışı ilə xüsusi cəlbedicilik kəsb edir. Sanki bəşəriyyətin bütün ağrı-acısı bu simada toplanmışdır.
   Yenidən qeyri-ixtiyari G.Kozintsevin sözlərinə qayıdırsan: “Sizin sənətinizin qeyri-adi poeziyası və insaniliyi yaddaşa həkk olur”.
   Həqiqətən də, bu insanın böyük cazibə qüvvəsi olmuşdur. “Müəllimlər nadir hallarda yetirmələri haqqında xatirə yazırlar. Lakin bu halda belə janr təbiidir: çünki şagird çox təsirli bir şəxsiyyətdir... Mən incəsənətdən həqiqi zövq aldığım uzun dəqiqələrə görə Qarayevə minnətdaram...”, - Moskva konservatoriyasında Q.Qarayevə musiqi formasının təhlilindən dərs demiş Leo Mazel belə yazırdı.
   2014-cü ilin martında Bakıda Qara Qarayevin Fazil Nəcəfov tərəfindən yaradılmış abidəsinin açılışı oldu. Bəstəkarın xarakterini, xüsusilə də onun incəsənətin keçilməmiş yolları ilə getmək arzusunu və bu yolda göstərdiyi inadı nəzərə alan heykəltəraş abidəyə məşhur şəxsiyyətin realistik təsviri kimi baxan ənənəvi yanaşmadan imtina etmişdir. Əsərin konseptual və fiziki əsası rolunu oynayan qranit parçasının müxtəlif üzləri XX əsr dünya musiqisində, həqiqətən də qlobal fiqur olan bu şəxsiyyətin yaradıcılığının müxtəlif tərəflərini əks etdirir.
   Bəstəkarın şərti-abstrakt manerada yaradılmış fiquru royal qapağına bənzədilmiş səth üzərində cızılmışdır. Abidənin o biri üzündə Q.Qarayevin əsərlərinin - “Leyli və Məcnun” və “Don Kixot” simfonik süitalarının, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin məşhur personajları, həmçinin bəstəkarın uşaqlıq və gənclik illərinin keçdiyi, onun bütün həyatının qırılmaz tellərlə bağlı olduğu şəhərin yığma obrazı təsvir olunmuşdur. İlkin formanın xarici çevrəsində faktiki olaraq hamar keçidlərin olmadığı qranit blokun mürəkkəb konfiqurasiyası təsadüfi xarakter daşımır. SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, “Lenin”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenlərinin sahibi, SSRİ Ali Sovetinin deputatı olan bəstəkarın zahirən hamar yolu əslində kənardan elə görünürmüş. Müasirlər onun haqqında yazırdılar ki, “Qarayevin qələbədən qələbəyə gedən yolu dəhşətli dərəcədə özündən narazılıq və əzablı axtarışdan keçir...”
   ...Ona pərəstiş edirdilər və onun haqqında qərəzli sözlər söyləyirdilər, ondan qorxurdular və eyni zamanda onu çox sevirdilər, ona heyran idilər, ona etibar edirdilər və ona inanmırdılar... Onun yaradıcılıq ilə dolu olan ömrü bu insanın qadir olduğu işlərin hamısının reallaşması üçün çox qısa oldu. Onun şübhə doğurmayan mənəvi, işgüzar, intellektual keyfiyyətləri həyatının əsas işi olan bəstəkarlıqdan əlavə üzərinə bir çox öhdəliklər də qoymuşdu. Lakin o, şikayətlənmirdi, çünki məşğul olduğu işlərin - Bakıda və Moskvada konservatoriyalarda müəllimlik, Azərbaycan və SSRİ bəstəkarlar ittifaqlarında vəzifələr və s. işlərin real faydasına inanırdı.
   Onun musiqisi, onun şəxsiyyəti parlaq bir kometa kimi gündəlik həyatımıza daxil olmuş, ziya, ruhi enerji və bəstələrinin ritm və çalarlarının harmoniyasından doğan sonsuz zövq hissi daşımaqdadır.
   
   Əminə Məlikova
   Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi