2016-cı ildə Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler festivalı təsis edilib və iki ildir ki, uğurla həyata keçirilir. Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq kitab günü (23 aprel) ərəfəsində reallaşır.
Buktreyler festivalının təsisçisi, aktyor Ruslan Sabirlinin bildirdiyinə görə, cəmi iki il keçirilməsinə baxmayaraq festivalda iştirak üçün müraciət edənlərin sayı ildən-ilə artır. Keçən il hətta bir qrup gənc bəstəkar buktreylerlərə təmənnasız musiqi yazmaq üçün müraciət edib və maraqlı əməkdaşlıq yaranıb. Bütün bunlar, əlbəttə ki, festivalın cəmiyyətdə böyük marağa səbəb olmasından xəbər verir.
Keçən il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyinin festivalın keçirilməsinə təşkilati dəstək verəcəyini deyən R.Sabirli layihənin reallaşmasına görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib.
Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az saytından layihənin facebook səhifəsindən əldə etmək olar. İşlərin son qəbul tarixi 8 aprel 2018-ci ildir.