Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Ankaradakı qərargahını ziyarət edib, qurumun baş katibi Düsen Kaseinovla görüşüb.
Görüş zamanı TÜRKSOY və Azərbaycanın 2018-ci il üçün planlaşdırılan mədəni fəaliyyət, həyata keçiriləcək tədbirlərdən bəhs edilib. 2018-ci ilin TÜRKSOY tərəfindən “Qara Qarayev ili” elan olunması, ənənəvi Novruz tədbirləri, “Kastamonu-2018” - “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi və TÜRKSOY-un qurulmasının 25 illik yubiley tədbirlərinə Azərbaycan təmsilçilərinin qatılması, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən ortaq layihələrə dair məsələlər müzakirə olunub.
Söhbət zamanı TÜRKSOY və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi və birgə layihələrin artırılması da gündəmə gətirilib.
Görüşün sonunda səfir Xəzər İbrahim Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Muğam dünyası” albomunu TÜRKSOY-un baş katibinə təqdim edib.
Mehparə Sultanova
Ankara