Uzun illərdir Türkiyənin Adana şəhərində yaşayan Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib.
Yunan yazıçısı Yakovos Kambanellisin “Möcüzələr həyəti” əsəri (“Harikalar avlusu”) əsasında hazırlanmış eyniadlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş rejissoru və “Altın Koza” film festivalının baş direktoru İsmail Dikilitaş, eləcə də çoxsaylı sənətsevər iştirak edib.
Tamaşa Afinanın kənar məhəllələrində yaşayan insanların üzləşdikləri çətinliklərdən qurtarmaq üçün apardıqları mübarizədən, ümidlərindən bəhs edir. Səhnə əsərində eyni həyətə baxan beş otaqda yaşayan beş ailənin iç-içə davam edən həyatındakı sevinci, kədəri, sirləri bölüşməsi, bir-birinə dəstək olaraq yaşamaq uğrunda mübarizəsi anlatılır.
Tamaşadan sonra “Altın Koza” festivalının baş direktoru İ.Dikilitaş professor Cahangir Novruzova gül dəstəsi təqdim edərək minnətdarlığını bildirib. O, eyni zamanda teatr sənətini yaşatdığı və teatr xadimlərinə böyük dəyər verdiyi üçün Adana Böyükşəhər Bələdiyyəsinin sədri Hüseyn Sözlüyə təşəkkür edib.