Fevralın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Şövkət Məmmədova adına Opera studiyasında Vincenzo Bellininin “Norma” operasının premyerası olub.
Premyera öncəsi BMA-da keçirilən mətbuat konfransında tədris işləri üzrə prorektor, professor Nərminə Quliyeva tamaşanın yaradıcı heyətini təqdim edib. Bildirib ki, premyera Azərbaycanın ilk xanım opera ifaçısı Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilir. Ölkəmizdə ilk dəfə səhnəyə qoyulan operanın quruluşçu dirijoru Xalq artisti Fəxrəddin Kərimov, quruluşçu rejissoru Elvin Mirzəyevdir. Səhnə əsərində əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Anton Ferştandt, solistlər Adil Axundov, Hidayət Əliyev və İslamə Abdullayeva rol alıb.
“Opera studiyası tələbələr üçün bir təcrübə laboratoriyasıdır. Tələbələr burada səhnədə oynamağı, ifaçılığı öyrənirlər. Tamaşada Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisası üzrə təhsil alan tələbələri iştirak edəcək”, - deyə N.Quliyeva bildirib.
Akademiyanın professorları - xalq artistləri Xuraman Qasımova, Fəxrəddin Kərimov və digərləri çıxış edərək tamaşanın uğur qazanacağına əminliklərini ifadə ediblər. Qeyd edilib ki, “Norma” operası belkanto üslubunun tanınmış şedevridir və paytaxtımızın mədəni həyatında böyük hadisədir. Əsər italyan bəstəkarı Vincenzo Bellininin ikipərdəli lirik tragediyasıdır. Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Opera ilk dəfə 1831-ci ildə Milanın La-Skala teatrında səhnəyə qoyulub.