Azərbaycanın musiqi mədəniyyətinə itki üz vermişdir. Bənzərsiz qarmon ifaçısı, Xalq artisti Kamil Səfərəli oğlu Vəzirov 2018-ci il fevralın 13-də vəfat etmişdir.
Kamil Vəzirov 1949-cu il sentyabrın 2-də Bakıda anadan olmuşdur. 1964-1968-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin İnstrumental ifaçılıq şöbəsində, 1972-1977-ci illərdə M.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil almışdır.
Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun dəvəti ilə Kamil Vəzirov 1974-cü ildə Azərbaycan Dövlət Mahnı Teatrına solist kimi qəbul olunmuş və 2014-cü ilədək burada fəaliyyət göstərmişdir. O, kollektivlə birgə bir çox ölkələrdə - Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, Avstriya, İsveç, Çin, Meksika, Nepal, Pakistan, Hindistan, İsveçrə, Danimarka, Ukrayna, Türkiyə, İran və Gürcüstanda Azərbaycan incəsənətini layiqincə təbliğ etmişdir. Gözəl ifaçı bir çox xarici dövlətlərdə təşkil olunan Azərbaycan mədəniyyəti günlərində, beynəlxalq miqyaslı tədbirlərdə çıxış etmişdir. Sənətkar respublikamızda keçirilən bir çox dövlət səviyyəli tədbirlərin, yubiley gecələrinin iştirakçısı olmuşdur.
2000-ci ildə milli musiqi mədəniyyəti sahəsində xidmətlərinə görə respublikanın Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Kamil Vəzirov vətəninə, elinə-obasına bağlı bir insan idi. O, musiqi ilə nəfəs alırdı.
Ustad sənətkar, səmimi və təvazökar insan Kamil Səfərəli oğlu Vəzirovun əziz xatirəsi xalqımızın qəlbində, ifaçılıq məharəti Azərbaycan musiqi sənətində daima yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi