Təzəpir məscidində görkəmli Azərbaycan ədibi Cəfər Cabbarlının qızı, Prezident təqaüdçüsü, uzun illər ədibin ev-muzeyinin direktoru vəzifəsində çalışmış Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, elm, ədəbiyyat və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.
Mərasimdə Gülarə Cabbarlının zəngin həyat yolundan söz açılıb, böyük yazıçı-dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığının tədqiqi və təbliğində, habelə muzey işinin təşkilində fəaliyyətindən bəhs edilib.
Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Gülarə xanımın qızı Qəmər Bağırova anasının xatirəsinə göstərilən ehtirama görə mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Vida mərasimindən sonra Gülarə Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub.