Azərbaycan xalçalarında ölkəmizin rəngarəng təbiətinin bütün gözəlliyi - dənizlə səmanın maviliyi, meşələrin yaşıllığı, dağların bəyaz zirvələri və əlvan yamacları əks olunub. Xalçaya nəzər saldığımızda ilk diqqəti çəkən rənglər olur. Xalçaların ideyasına diqqət yetirəndə aydın olur ki, burada işlədilən hər rəngin ifadə etdiyi fikir var. Məsələn, qırmızı, göy və şəkəri rənglər alovun, suyun və torpağın rəmzidir.
Xalça məktəblərinə bir-bir səyahət etsək görərik ki, naxışlarla yanaşı rəng çalarları da dəyişir. Azərbaycanın şimal-şərq zonalarını əhatə edən Quba qrupu xalçaları xoş rəng ahəngilə seçilir. Sanki qar dənələri yerə düşüb ətrafı ağappaq örtüyə bürüyəndən əriyib ilk cücərtilər üzə çıxana kimi evlərdə xoş ab-hava yaradır, qəlbimizi isindirir. Bu hərarət qırmızı, göy, qəhvəyi və s. rənglərlə ifadə olunur.
Şirvan xalçalarında nar və sumağın qırmızı dənələri, sünbüllərin qızılı-sarısı, yaşıl məxmər çəmənlər əksini tapıb. Bakı xalçalarında dənizin mavi ənginliyi, atəşin qırmızı rəngi, qumsallıqların qızılı rəngləri ecazkar bir şəkildə qovuşub.
İstənilən xalçanın rəng uyğunluğunda bir rəng digərlərindən üstün olaraq böyük sahəni tutur. Bunu ən çox Gəncə və Qazax xalçalarında görə bilərik. Digər xalçalara nisbətən ilmə sıxlığının və bəzək elementlərinin azlığı sanki bu xalçaların əlvan rəng ahəngiylə əvəzlənir. Gəncə-Qazax xalçalarında işlənən rənglərin miqdarının az olmasına baxmayaraq, yaşıl, qırmızı, sarı kimi şux rənglərə daha çox üstünlük verilir.
Böyük bir bağı xatırladan Qarabağ xalçaları həyat eşqi və parlaq rəng ahəngi ilə seçilir. Daha çox qızılı-sarı, al-qırmızı, palıdı, yaşıl, narıncı və çəhrayı rənglər işlədilir. Rəng müxtəlifliyilə (qırmızı, yaşıl, şəkəri, göy) seçilən digər xalçalar Təbriz xalçalarıdır. Xalçanın əsas rəngindən başqa digər köməkçi rənglər xüsusi ahənglə bir-birinə bağlanır.
Rənglərin xalçalarda və ümumən həyatımızda rolu barədə bəhs edəcəyimiz bu yazıda qırmızı, qara, ağ, yaşıl, göy və sarı rəng haqqında məlumat verəcəyik.
* * *
Qırmızı Azərbaycan xalçalarında ən çox istifadə olunan rəngdir. Xalçaçılıqda istifadə etmək üçün qırmızı rəngi gəndalaş, nar, boyaqotu, biyan və s. bitkilərdən və “qırmız” adlı böcəkdən alardılar. Bu rəng xoşbəxtliyi, sevgini təcəssüm etdirir, hər zaman hörmətlə yanaşdığımız, evimizin baş hissəsində qoruduğumuz odun-ocağın rəngidir. Hələ qədim zamanlarda Azərbaycanda od kultu geniş yayılmışdı. Bu inam Zərdüştilik dini ilə əlaqədardır. Bu dində oda pərəstiş mühüm yer tuturdu. Azərbaycanın çox yerlərində indiyədək yanan şamı üfürüb söndürmək, yanan ocağa su tökmək, oda boş yerə and içmək böyük günah sayılır. Toylarımızda qırmızı rəngdən istifadə üstünlük təşkil edir. Bu rəngin müşayiəti ilə gələcək ailə qurulur. Qırmızı yeni həyatın, yeni dünya (evlilik) və başlanğıcın simvoludur. Gəlinlərin geyimi, cehizi, başdan-başa qırmızı rənglə tamamlanır. Qədim toy adətlərimizdə otağın gəlin gərdəyi yerləşən hissəsi qırmızı rəngli şəddə və kilimlə ayrılardı. Gəlinin əl və ayaqlarını xına ilə qırmızı rəngə boyanması da çox güman ki, qırmızı rəngin simvolik qoruyucu mənası ilə əlaqədardır.
Novruz bayramında qırmızı rəngli damalı şəddələr üzərində qız-gəlinlər əyləşib fal açar, arzu diləyər, niyyət tutardılar. Sonra onu yeddi gün açıq səma altında saxlayardılar ki, səmanı, günəşi, ayı, ulduzu görsün, niyyətləri çin olsun. Qırmızı rəng tək rəmzi məna daşımırdı. Özü bütövlükdə qoruyucu və şəfaverici sayılırdı. Qırmızı insanı hər zaman - doğulduğu andan müşayiət edir. Yeni doğulan körpənin göbəyi qırmızı bağ ilə bərkidilər, bələyi bağlanardı. Toyda gəlinin belinə bağlanan qırmızı “belbağı” dünyaya gələn körpənin bələyinə bağlanardı. Qırmızı azar-bezarı məhv edən, şəfaverici rəng sayılardı, “qızılca” xəstəliyi zamanı qırmızı geyər, qola qırmızı parça bağlayar və otağı qırmızı xalça-palazla döşəyərdilər.
* * *
Qara rəngi ağcaqayın, turşəng, dazıotu və s. bitkilərdən və yunun təbii rəngindən əldə edərdilər. Qara rəng ən çox Qarabağ xalçalarında istifadə olunardı. Lakin qara rəng nə qədər təbii üsulla alınsa da, istifadə edildikdə zamanla solğunlaşardı. Buna görə də Azərbaycan xalçalarında qara rəngdən çox istifadə olunmazdı, bu rəngin əvəzləyicisi kimi “sürməyi” adlanan göy rəngin ən tünd çalarından istifadə edilərdi. Bunun xalq inanclarına, qədim adətlərə söykənən bir cəhəti də var ki, qara yas, matəm rəngi sayılır. Hətta müxtəlif bölgələrimizdə yas mərasimlərində istifadə üçün qara kilim, qara palaz, qara cecim toxuyardılar. Xalq arasında birini qarğımaq üçün “Qara palaza büküləsən” ifadəsi işlədilərdi.
Qara rəng türk xalqlarında “bəd” rəng hesab olunar, ölümü, qaranlığı ifadə edərdi. “Kitabi-Dədə Qorqud” dastanında övladı olmayanların məclislərdə qara çadırda əyləşməsi, altına qara keçə döşənib, önünə qara qoyun ətindən yemək qoyulması kimi epizodlar çoxumuza bəllidir. Dastanda oğuzların düşmənləri “qara donlu kafirlər” adlandırılır.
* * *
Qaranın həm rəng, həm məna baxımından əksi ağdır. Xeyir qüvvələr, gündüz, yerüstü dünya və xeyirxah ruhlar, mələklər ağ rənglə, şər qüvvələr, gecə, yeraltı dünya, cin-şeytanlar, bədxah ruhlar qara rənglə ifadə olunardı.
Xalçalarda istifadə edilən ağ rəng əsasən yunun təbii rəngindən alınırdı. Bəzən daha da ağ çalarını almaq üçün əlavə maddələr qatılaraq aşkarlanırdı. Ağ rəng ruhun, daha doğrusu, təmiz ruhun nişanəsi, türk xalqlarının inancında xeyirxah ruhların rəmzi sayılır. Qələbə, sülh nişanəsi kimi də istifadə edilir. Digər rənglərin ağ rəngə çevrilməsi mürəkkəb proses olduğu halda, ağ rəng asanlıqla bütün rənglərə çevrilə bilir. Bu baxımdan götürsək, ağ rəngi əsas saya bilərik. Təzadlı rəng keçidlərində ahəng yaratmaq üçün bu rəngdən istifadə edilir.
Ağ yunum düyçə,
İpək kələfçə.
Yetmiş iki rəng,
İlməsi incə.
Azərbaycanda ağ rəngin üstünlüyü ilə xüsusi ağ palazlar toxunardı. “Dəstərxan” adlandırılan bu zərif palazlardan süfrə kimi istifadə edilər, üzəri təyinatına uyğun olaraq Quran ayələri və süfrə duaları ilə bəzədilərdi. Ağ rəng həm də soyun ululuğunu bildirir. El arasında “ağsaqqal”, “ağbirçək” kimi çox hörmət etdiyimiz şəxslər bu soyun canlı daşıyıcılarıdır. Birinə xoş niyyətlə alqış etmək üçün “Ağ gün gör, ağ çadıra gir” kimi deyimlər işlənərdi.
* * *
Yaşıl rəng almaq üçün gəndəlaş (yarpaqları), turşəng, ardıc, qovaq, biyan bitkilərindən istifadə edirlər. Əsrlər boyunca yaşıl rəng İslam dinini, mədəniyyətini simvolizə edib və bu, ölkəmiz də daxil olmaqla, bir çox müsəlman dövlətlərinin bayrağında, geyimlərində, tikililərində və incəsənətində əksini tapıb. Amma yaşıl rəngin İslamı simvolizə etməsi, ilahi vəhydən qaynaqlanan dinin tələbi, hökmü deyil, sadəcə müsəlman mədəniyyətinin ərsəyə gətirdiyi bir ənənədir. Quranda cənnət ağaclar altından çaylar axan meşəliklər, bağ-bağça kimi təsvir edildiyi üçün insanın gözü önündə ilk yaşıl rəng canlanır. Din də insanı gözəl iman və gözəl əməllər sahibi olub cənnətə - əbədi səadətə səsləyir. Yaşıl rəng əbədi səadət rəmzinə çevrilir və dinin rəmzi kimi qəbul edilir. Bu baxımdan “Namazlıq” kompozisiyalı xalçalarda yaşıl rəngin üstünlüyü diqqəti cəlb edir.
İslamdan öncə türk xalqları arasında yaşıl təbiətin (çəmənlik, meşə, ağac və s.) rəngi kimi qəbul edilirdi. Necə ki göy rəngin qaynağı səmadır, eləcə də yaşıl rəngin qaynağı meşə və ağaclardır. Təbiəti əks etdirən ağac, “həyat ağacı” kimi motivlər də yaşıl rənglə əlaqədardır. Novruz bayramında süfrələrin bəzəyi olan səməni də təbiətin oyanışını simvolizə edir.
Xalçalarda istifadə edilən rənglər təkcə rəngarənglik, göz oxşamaq üçün deyil, eyni zamanda insanların sağlamlığına, əhval-ruhiyyəsinə də təsir edir. İnsana rahatıq verən yaşıl rəng sinir sisteminə və başqa xəstəliklərə də yaxşı təsir etdiyi üçün indiki zamanda psixoloji seanslarda da geniş istifadə edilir. Bunun fərqində olan əcdadlarımız xalçalarda yaşıl rəngə geniş yer veriblər. Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçalarının rəng həllində yaşılın müxtəlif çalarlarından geniş istifadə olunur.
* * *
Azərbaycan xalçalarında çox işlədilən rənglərdən biri də göy rəng və onun çalarlarıdır. Göy rəngi böyürtkən, çəmən adaçayı, qaragilə, indiqo və s. bitkilərdən almaq olur.
Türk mədəniyyətində göy rəngin müqəddəs sayılması türk xalqlarının “Göy tanrı”sına, səma cisimlərinə inamı və sitayişi ilə bağlıdır. Bu müqəddəslik müasir dövrümüzdə də saxlanılır, sadəcə şəkil dəyişdirərək türkçülüyün rəmzi kimi ifadə olunur. Göy rəngin müxtəlif çalarları fərqli mənalarda ifadə olunur. Mavi səma kimi genişliyi və sonsuzluğu, tünd-göy isə dənizlərin dərinliyini ifadə edir. Bu fikirləri ifadə etmək üçün xalçalarımızda, xüsusən Bakı məktəbində (“Zili”, “Xilə əfşan”, “Xilə buta”) Gəncə, Qazax məktəbində (“Samux”, “Fəxralı”, “Şıxlı”), Qarabağ (“Qasımuşağı”, “Malıbəyli”) mavi və göy rəngin yanaşı işlədildiyini görə bilərik. Bütün dünyada məşhur olan, xalçaçılıq sənətinin şah əsəri sayılan Təbriz məktəbinin “Şeyx Səfi” xalçasının ara sahəsi sürməyi rəngdədir. Bununla yanaşı, xalçada göy rəngin müxtəlif çalarları da işlənmişdir. Xalının mərkəzində yerləşən qönçə günəşi, onun ətrafında yaşıl, qırmızı, sarı rəngli kiçik qübbələr isə günəş şüalarını əks etdirir. Ətrafdakı saysız-hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir. Göründüyü kimi, xalçada kainat tünd göy-sürməyi rəngdə verilib. Səmanın mavi ənginliyi və sonsuzluğu Lətif Kərimovun “Şəbi-hicran”, Eldar Mikayılzadənin “Kəhkəşan” xalçalarının ana xəttidir.
* * *
Sarı rəng bütün dünyada günəşin rəngi və rəmzi kimi qəbul olunur. Eyni zamanda qədim türk xalqlarında dünyanın mərkəzini və dörd ünsürdən biri - havanın rəmzi sayılır (torpaq-yaşıl, hava-sarı, od-qırmızı, su-mavi). Təbiətdə mövcud olan üç əsas rəngdən biridir, digər rənglərlə qarışdırıldığında yeni rənglər almaq olur. Sarı rəngi almaq üçün əsasən yovşandan, zəfərandan, zirinc kolunun kökündən, andız və digər bitkilərin kök və yerüstü hissələrindən istifadə edilərdi. Sarıya boyanmış iplikdən bir çox hallarda digər rəngli ipliklər almaq üçün istifadə olunduğundan boyaqçılıqda sarı rəng böyük əhəmiyyətə malikdir.
İncəsənətin müxtəlif sahələrində, o cümlədən xalçaçılıqda sarı rəngin müxtəlif çalarları (açıq, tünd-sarı, oxra, noxudu və s.) geniş istifadə olunur. Sarı rəng günəşin haləsi kimi xalçalarda verilir və istilik, hərarət yayır. Sarı rəng bəzən quraqlığın, qıtlığın, xəstəliyin, mövsümlərdən payızın mücərrəd ifadəsidir. Bakı, Qarabağ, Təbriz xalçalarında bu rəngdən istifadəyə tez-tez rast gəlirik. Sarı rəng ümumiyyətlə, diqqətçəkən və tez bir zamanda ayırd edilmə xüsusiyyətlərinə malik olduğu üçün xalçalarda naxışlar arasında və haşiyələrdə keçid rəng kimi də istifadə olunur.
Ülkər Rəhimzadə
Azərbaycan Xalça Muzeyinin əməkdaşı