Hüseyn Cavidin ev-muzeyində Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 4 nömrəli tam orta məktəbin şagirdləri üçün “açıq dərs” təşkil edilib.
“Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzulu dərsdə şagirdlərə mənzum dramaturgiyamızın banisi, görkəmli şair və dramaturq Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığı, eləcə də Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində muzeydə görülən işlər haqqında məlumat verilib.
Muzeyin əməkdaşı Sərvər Şirinov Hüseyn Cavidin “Ana” mənzum dramı və şeirləri haqqında mühazirə oxuyub, məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Sonra şagirdlər muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə tanış olublar.