Türkiyə paytaxtı 12-ci dəfə kitab sərgisinə ev sahibliyi edəcək. 16 fevralda işə başlayacaq sərgiyə 300-dən çox nəşriyyat və müxtəlif təşkilatlar qatılacaq. 
   On gün ərzində sərgi çərçivəsində çoxlu tədbirlər keçiriləcək. Bukinist festivalı ilə birlikdə keçiriləcək sərgi də oxucular bir-birindən maraqlı bukinist stendləri ilə də qarşılaşacaqlar.
   Türkiyə Milli Təhsil Nazirliyi, KOSGEB, İLESAM və Avrasiya Yazarlar Birliyinin əməkdaşlığı ilə reallaşacaq 12-ci Ankara Kitab Sərgisinin fəxri qonağı yazıçı Atilla Dorsay, builki xarici qonağı isə rusiyalı jurnalist və elmi-fantastik romanlar müəllifi Dmitri Qluxovski olacaq. Rusiyalı yazarın ən məşhur romanı "Metro 2033"dür. Əsərləri 5 dilə çevrilən və ümumilikdə 3 milyon tirajı aşan müəllif 18 yaşında yazmağa başlayıb.
   Türkiyənin ən məşhur yazıçıları ilə söhbət və imza proqramlarının təşkil olunacağı sərgiyə 400 mindən çox ziyarətçinin gələcəyi gözlənilir.
   
   Mehparə Sultanova
   Ankara