Qəbul olunmuş dəyişikliklər təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək 
   
   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası açıq müzakirəyə təqdim etdiyi “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi iki aydan çoxdur ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə olunur. Komissiyaya və Nəsimi adına Dilçilik İnstitutuna çoxlu sayda yazılı və şifahi müraciətlər daxil olub.
   Komissiyanın yaydığı məlumata görə, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb. Qrup "Azərbaycan dilinin orfoqrafiya qaydaları"na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq və müzakirə olunmaq üçün komissiyaya təqdim edəcək.
   Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə ediləcək. Sonra qəbul edilən dəyişikliklər təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanıb nəşri üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq.
   Məlumatda qeyd olunur ki, orfoqrafiya qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.
   "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər.