Mayın 3-də Muzey Mərkəzində Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, tanınmış rejissor və operator Rasim İsmayılovun anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirildi.
   
   Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirdi ki, Rasim İsmayılov (1936-2004) uzun ömür sürməsə də, zəngin yaradıcılıq həyatı yaşayıb: «Onun yaradıcılıq tərcümeyi-halında bir çox filmlərin adı yazılıb. Bu filmlər milli kinomuzun qızıl fonduna daxil olub».
   R.İsmayılovun yaradıcılıqla yanaşı Mədəniyyət və İncəsənət Universitetində dərs dediyini, nümunəvi müəllim olduğunu vurğulayan C.Quliyev sənətkarın tələbələrini səhnəyə dəvət etdi, onlardan müəllimlərinin xatirəsinə şam yandırmağı xahiş etdi. Sonra rejissorun həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirildi.
   Xalq artisti, kinorejissor Eldar Quliyev Rasim İsmayılovla birlikdə çəkdikləri filmlərdən bəhs edərək onun çox zəhmətsevər, öz işinə ciddi münasibət göstərən insan olduğunu dedi. Tədbirdə R.İsmayılovun quruluşçu operatoru olduğu «Nəsimi» filmindən kadr nümayiş etdirildi. Tanınmış bəstəkar Azər Dadaşov mərhum sənətkarın xatirəsinə həsr etdiyi əsəri pianoda ifa etdi.
   Tədbirdə sənətkarın həyat yoldaşı, Əməkdar jurnalist Nadejda İsmayılova, tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak edirdi. Çıxış edənlər R.İsmayılovun həyat yolundan, kino yaradıcılığından və insani keyfiyyətlərindən söz açdılar.
   Qeyd olundu ki, Rasim İsmayılov 1962-ci ildən «Azərbaycanfilm» kinostudiyasında işləməyə başlayıb. “Yaşamaq gözəldir, qardaşım”, “Torpaq, dəniz, od, səma”, «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Gün keçdi», «Nəsimi», «Dədə Qorqud», «Xoşbəxtlik qayğıları», «Babək» və s. filmlərin quruluşçu operatoru olub. «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Sizi dünyalar qədər sevirdim», “Alman klinikasına şəxsi səfər” və s. bədii filmlərin rejissorudur. R.İsmayılov Azərbaycanda animasiya televiziya filmlərinin yaradıcılarından biridir. O, «Danışan işıqlar» və «Qırmızılar, qaralar və başqaları» animasiya filmlərinə də quruluş verib.
   
   Mehparə