“Aşıq musiqisi axşamları”nın növbəti konsert-tamaşası
Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Ələsgərin saz-söz dünyası” mövzusunda konsert-tamaşa təqdim edildi.
Azərbaycan Aşıqlar Birliyi (AAB) ilə birgə reallaşdırılan layihənin növbəti sənət axşamında əvvəlcə Aşıq Ələsgərin (1821-1926) ömür və sənət yolundan bəhs edən videoçarx nümayiş olundu.
Tədbirin ssenari müəllifi və rejissoru, Əməkdar incəsənət xadimi, AAB-nin katibi Sənubər Bağırova saz-söz ustadının həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Aşıq Ələsgər Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açıb. Atası Alməmməd kəndin hörmətli şəxslərindən olub, poeziyaya dərin maraq göstərib. Çətin ailə qayğıları üzündən böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verib. Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayı Qurbanın Səhnəbanı adında 10-12 yaşlı bir qızı olur. Ələsgərlə onun arasında səmimi münasibət yaranır, onlar bir-birini sevirlər... Sonralar onların münasibətləri rəvayətə çevrilir. Ələsgərin nakam sevgisi dillərə dastan olur...
Gecədə Aşıq Ələsgər haqqında bağlanmış dastanlar əsasında hazırlanmış səhnələr təqdim edildi. Aşıqlardan Əli Zeynəlabdinov (Aşıq Ələsgər), Fidan Qurbanova (Səhnəbanı), Əfsanə Kərimova (Zöhrə, Ələsgərin əmisi qızı), Nəbi Nağıyev (Kərbəlayı Qurban), Solmaz Kosayeva (Kərbəlayı Qurbanın arvadı), Azər Əliyev (Pullu Məhərrəm), Toğrul İbrahimov (Aşıq Hüseyn Saraclı), Altay Məmmədli (Aşıq Qəmkeş Allahverdi) və digərlərinin ifasında “Kərəm gözəlləməsi”, “Aran gözəlləməsi”, “Naxçıvani”, “Yanıq Kərəm”, “Hüseyni”, “Şaqayı gəraylı”, “Təcnis”, “Göyçəgülü”, “Qaraçı”, “Cəlili”, “Mirzəcanı”, “Göyçə gözəlləməsi”, “Qəhrəmanı” kimi aşıq havaları səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.
Savalan Fərəcov