Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.
Teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov çıxış edərək Xocalı faciəsinin tarixindən söz açıb.
Sonra teatrın repertuarında yer alan Sevinc Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Rolları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev və İlham Əsədov ifa edib.
Tamaşaya baxışdan sonra H.Aslanov adına Mərkəzi Zabitlər Evinin təbliğat və hərbi kütləvi iş bölməsinin rəisi, kapitan Ramil Qasımov teatrın kollektivinə təşəkkürünü bildirib. Tamaşanın yaradıcı heyəti gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində göstərdikləri təşəbbüsə görə fəxri fərmanla təltif edilib.