Azərbaycan Xalq Cümhuriyyəti 100
Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Cəmi 23 ay mövcud olmuş Cümhuriyyət zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqımızın qəlbində istiqlal eşqini yaradaraq ölkəmizin gələcək müstəqilliyi üçün zəmin hazırlayıb.
Bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev 2017-ci il 16 may tarixində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Ölkə başçısının digər bir sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Yubileylə əlaqədar ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirilir.
Qürur qaynağımız
Cümhuriyyətin yaranmasının 100 illiyi ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə baş çəkib tariximizin bu şanlı mərhələsinə aid eksponatlarla tanış olmaq istədik. Tariximizin bu səhifəsini vərəqləmək, həqiqətən də, insanda böyük qürur hissi yaradır.
Muzeyin daimi ekspozisiyasında yer alan bu bölmə “Azərbaycan Cümhuriyyəti - 1918-1920” adlanır. Burada nümayiş olunan yüzlərlə eksponatda milli dövlət quruculuğunun ilk addımları, parlamentin formalaşdırılması, ordu quruculuğu, ərazi bütövlüyü uğrunda aparılan mübarizə, milli hökumətin iqtisadi, mədəni və təhsil siyasəti öz əksini tapıb. Bölmədə yer alan eksponatlar sırasında “İstiqlal Bəyannaməsi”nin 1919-cu ildə Paris sülh konfransında təqdim olunmuş nüsxəsi, Cümhuriyyət liderlərinin şəxsi əşyaları, parlament və hökumətin qəbul etdiyi qərarlar diqqəti cəlb edir.
İlk milli valyutamız
Muzeyin ekspozisiyasında yer alan eksponatlar sırasında Cümhuriyyət zamanı dövriyyəyə buraxılan pul vahidləri, əsginas nümunələri də var. Hökumət suveren dövlətin mühüm rəmzi olan kağız pul nişanlarının dövriyyəyə buraxılmasını da təmin etmişdi. Cümhuriyyətin ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əsginaslarla başlayır. Əsginasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində «Azerbaydjanskaya Respublika» ifadələri, pulun nominal dəyəri və buraxıldığı tarix göstərilib.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manat, rus dilində isə rubl kimi verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda Cümhuriyyətin bu sahədəki iqtisadi siyasəti milli valyuta - manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin Cümhuriyyətə mümkün dəstəyi (qismən də fransız dilinin beynəlxalq dil olduğu) nəzərə alınaraq, 500 manatlıq əsginasların üzərində respublikanın və nominalın adları fransız dilində də verilib.
Cümhuriyyət dövründə qeyd olunan pul vahidləri ilə yanaşı, qısa müddət ərzində qiymətli kağızların (istiqraz) buraxılması da həyata keçirilib. Bu istiqamətdə görülmüş bütün tədbirlər dövlət quruculuğunun mühüm tərkib hissələrindən biri idi.
Xatirə medalları, döyüş bayrağı...
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladı. Bu əlamətdar hadisə münasibətilə xatirə medalları da zərb olundu. Muzeydə həmin medallardan nümunələr Cümhuriyyətə aid eksponatların sırasında nümayiş etdirilir. Burada həmçinin Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun üzərində üçrəngli bayrağımızın əks olunduğu deputat nişanı da yer alır.
Cümhuriyyət dövründə döyüş bayrağı, eləcə də üzərində aypara və səkkizguşəli ulduzun əks olunduğu medalların eskizləri də hazırlanıb. Bu medallar hərbçilər üçün nəzərdə tutulurmuş. Təəssüf ki, 1920-ci ilin aprelində ölkəmizin işğalı Cümhuriyyətin milli dövlətçiliyimizin qarşısında duran digər məqsəd və vəzifələr kimi, bu istiqamətdə də aparılan işlərin üzərindən xətt çəkmiş oldu...
Fariz Hüseynov