Bölgələrdə soyqırımı qurbanları anılıb
   
   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə 26 il öncə ermənilərin Xocalı şəhərində törətdiyi vəhşiliklərdən, insanlıq əleyhinə cinayətlərdən söz açılıb. Ağstafa şəhər 2 saylı tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər. Xocalı soyqırımından bəhs edən film nümayiş olunub.
   * * *
   Horadiz şəhərindəki Füzuli Dövlət Dram Teatrında Xocalı faciəsinin 26-cı ildönümü anılıb. "Şəhid şəhər Xocalı” adlı poetik xalq faciəsi nümayiş olunub. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan səhnə əsərinə teatrın baş rejissoru Asif Şirinov quruluş verib. Rayon hüquq-mühafizə orqanları əməkdaşlarına təqdim olunan tamaşanın hərbi hissələrdə, orta məktəblərdə nümayişi də nəzərdə tutulur. 
   * * *
   Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında da Xocalı faciəsi ilə bağlı hazırlanmış kompozisiya nümayiş etdirilib. Rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və hərbçilərin iştirak etdiyi tədbirdə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən danışılıb, 26 il əvvəl yaşanan müsibətdən bəhs edilib.
   * * *
   Sabirabad rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq teatrı və “Mübarizlər” əlillərdən ibarət teatr qrupu “Xocalı harayı” adlı ədəbi bədii kompozisiya ilə cəbhə bölgəsi olan Tərtər rayonunda yerli əhali və məktəblilər qarşısında çıxış edib. Vətənpərvərlik mövzusunda kompozisiyanın quruluşçu rejissoru S.Əliyev, quruluşçu rəssamı F.Əsgərovdur.
   Sabirabad rayon Mədəniyyət mərkəzində və filiallarda isə faciənin 26-cı ildönümü ilə əlaqədar tədbirlər keçirilib. “Yaddaş” studiyasının hazırladığı “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlər nümayiş etdirilib.