Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirilib. Tədbirdə xarici diplomatlar, azərbaycanlı diasporun üzvləri, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərkəzin foyesində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində fotosərgi, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab sərgisi açılıb.
Mərasimdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Səfir qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, 10-a yaxın ölkənin parlamenti, ABŞ-ın 20-dək ştatı Xocalı soyqırımını tanıyıb.
Sonra litvalı rejissor Aleksandris Broksun Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən filmdə Ermənistan silahlı qüvvələrinin törətdikləri soyqırımının şahidləri olmuş xarici jurnalistlərin faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslərlə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir.