Sənədli filmin festival həyatı
   
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2011-ci ildə “Salnamə” studiyasında istehsal edilmiş “Top həm düşər, həm qalxar” sənədli filmi qısa müddətdə artıq bir neçə uğur əldə edib. Sənədli filmin ssenari müəllifləri Arzu Urşan və Aleksandr Balaşov, operatorları Yuri Yermolin və Nadir Mehdiyev, rəssamı Fikrət Ələkbərov, montajçısı Sergey Kolmıkov, fotoqrafı Elşən Əliyevdir.
   
   Üç festivaldan mükafatla qayıdan filmin rejissoru Arzu Urşan bizimlə söhbətində ekran əsərinin yaranması, qazandığı nailiyyətlər və gələcək planlar barədə danışdı. O, ilk olaraq filmin ərsəyə gəlməsində yaradılan şəraitə görə “Salnamə” studiyasına təşəkkür etdi: “Mənə burada həm yaradıcı, həm də texniki baxımdan hər cür şərait yaradıldı. Filmin uğurlu alınmasında bu, çox önəmli məqamdır”.
   Rejissorun sözlərinə görə, ekran əsəri iştirak etdiyi bütün festivallarda böyük maraq doğurub.
   
   Uğurdan uğura yol
   
   Film ilk nailiyyətini 2011-ci il sentyabrın 27-30-da Rusiyanın Lipetsk şəhərində keçirilən Atlant VIII Beynəlxalq İdman Filmləri Festivalında qazanıb. Ekran əsəri “Olimpiya ideallarına sədaqət” nominasiyasında qalib elan edilib: “İlk festivala, demək olar ki, montaj prosesini tamamladıqdan dərhal sonra getdim və qələbə haqqında heç düşünmürdüm. Önəmli olan filmin festivalda nümayişi idi. Bu festivalda maraqlı məqam o idi ki, rusiyalı müəlliflərin filmləri dünyanın məşhur idmançıları haqqında idi. Bizim film isə Azərbaycan futbolundan bəhs edirdi. Ona görə də mükafat alacağımıza ümidimiz az idi. Odur ki, münsiflər əlimi sıxıb “yaxşı filmdir” deyəndə çox sevindim. Bu, zəhmətimizə verilən qiymət idi”.
   Bu uğurdan sonra film 2011-ci il oktyabrın 28-dən noyabrın 2-dək İtaliyanın Milan şəhərində keçirilən XXIX Beynəlxalq İdman Kino və Televiziya Kino Festivalında əsas müsabiqədə iştirak etdi. Rejissor Milana Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın köməyi sayəsində getdiyini deyir: “Festival çox təntənəli idi. İtaliya, Rusiya və digər ölkələrin filmlərinin xüsusi tamaşaçıları var idi. Bizim filmə isə daha çox futbolçular gəlmişdilər. Sevindirici hal o oldu ki, məşhur futbolçumuz, SSRİ-nin Əməkdar idman ustası Ələkbər Məmmədovu tamaşaçılar tanıdılar. Onu da öyrəndik ki, Milan komandasının qapısına 4 qol vuran həmyerlimizin həmin oyundan olan videokadrları yerli muzeylərin birində saxlanılır”.
   Milan festivalında filmlər yeddi nominasiya üzrə yarışırdı. Bizim film “Kino və televiziya - Böyük çempionlar” nominasiyasında “Ən yaxşı film” mükafatına layiq görüldü.
   Milan festivalı zamanı film Braziliya və Almaniya festivallarına da dəvət aldı.
   Ekran əsərinin daha bir uğur xəbəri isə mayın 11-dən 13-dək İstanbulda keçirilən II Beynəlxalq İdman Filmləri Festivalından gəldi. Məlum olduğu kimi, İstanbul 2020-ci ildə Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyini irəli sürüb. Festival da buna həsr olunmuşdu.
   Arzu Urşan bildirdi ki, festivala 70-dək film müraciət etmişdi. Müsabiqədə Azərbaycanla yanaşı, İtaliya, Avstraliya, ABŞ, Almaniya, Rusiya və s. ölkələrin filmləri iştirak edirdi. “Top həm düşər, həm qalxar” festivalda “İdman klubu haqqında ən yaxşı film” nominasiyasının qalibi oldu.
   A.Urşanın sözlərinə görə, münsiflər heyətinin üzvləri filmə böyük maraq göstəriblər: “Deyirdilər ki, film, sadəcə, idman haqqında deyil, sevgidən, həyatdan bəhs edən idman filmidir. Hər kadrda hiss, emosiya var. Film bu keyfiyyətləri ilə yaddaşlarda qalır”.
   
   Qarşıda yeni festivallar var
   
   Rejissor söhbət əsnasında bir məqamı da qeyd etdi. Bildirdi ki, layihəyə başlayanda bir çoxları qadının futbol haqqında film çəkməsinə ciddi yanaşmayıblar: “Qadının futbol haqqında yaxşı sənədli film çəkməsi onlara real görünmürdü. Etiraf edim ki, öncədən futbol haqqında bir o qədər də məlumatım yox idi. Lakin araşdırmalar zamanı idmançı həyatı, çətinliklər, talelər diqqətimi çəkdi. Azərbaycan futbolu haqqında deyiləsi söz çoxdur. Bu tarixin əziyyətli və eyni zamanda parlaq səhifələri olub. Budur, futboldan uzaq olan bir qadın film çəkir və nəticədə festivallardan qalib kimi qayıdır. Bu cür filmlərdə önəmli olan emosiyadır, hisslərə təsir etməkdir”.
   Qarşıda isə filmi yeni müsabiqələr gözləyir. Rejissor bu yaxınlarda daha iki festivala gedəcəyini dedi. Film iyun ayında Rusiyanın Yakutsk şəhərində və Vyetnamın paytaxtı Hanoyda keçiriləcək festivallara dəvət alıb.
   100 illik tarixi olan futbolumuz haqqında çəkilən film beynəlxalq aləmdə maraqla qarşılanır. Filmin əsas ideyasından çıxış edərək biz də demək istəyirik: “Futbolumuzun böyük uğurları hələ qarşıdadır”.
   
   Reyhan İsayeva