...Gecə qapı döyülür. Sabah bu evdən “Vağzalı” sədaları altında gəlin köçəcək, toy səsi eşidiləcək. Toya bir gün qalmış gəlin köçən qızın qardaşı Şahin cəbhədə şəhid olur. Hərbi komissarlığın işçiləri çıxış yolu axtarırlar: sabah qızı gəlin köçən Rəhmana oğlunun şəhid olması xəbərini necə çatdırsınlar? Qərara gəlirlər ki, bu dəhşətli xəbəri ataya gəlini yola salandan sonra desinlər.
Bu təsirli kadrlar fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilən “Yollara uzanan gün...” filmindəndir.
Novruz Nəcəfoğlunun ssenarisi əsasında çəkilən filmin təqdimat mərasimini Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açıb.
Rejissor Ceyhun Şüküroğlu çəkiliş prosesi barədə qısa məlumat verdikdən sonra “Yollara uzanan gün...” filmi nümayiş olunub.
Nümayişdən sonra çıxış edən şəhid atası, professor İzzət Rüstəmov, filmin redaktoru Aydın Tağıyev, prodüseri Fikrət Nuriyev, baş rolun ifaçısı Təvəkkül Əhmədov filmin mövzusunun aktuallığı, ekran əsərinin məziyyətləri barədə danışıblar. Filmdə Qarabağ müharibəsinin ailələrin, insanların taleyində buraxdığı qanlı izlərin canlandırıldığı vurğulanıb.