AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb. Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, sərginin məqsədi tariximizin önəmli səhifələrindən birini təşkil edən, IX-XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin tarixini muzey ziyarətçilərinə daha yaxından çatdırmaqdır.
Sərgidə muzeyin fondlarında qorunan 225 eksponat nümayiş olunur. Onların əksəriyyəti tamaşaçılara ilk dəfə təqdim edilir. Bakı, Şamaxı, Şabran və digər ərazilərdə aparılmış arxeoloji qazıntılarda aşkarlanmış materiallar muzeyin bərpa laboratoriyasında bərpa işləri aparılandan sonra sərgidə nümayiş olunur. Eksponatlar sırasında keramika məmulatı, mis, tunc, gümüş və ağac əşyalar, parçalar, silahlar diqqəti cəlb edir. Sərgidə Şirvanın müxtəlif şəhərlərində və müxtəlif şirvanşahlar adından zərb edilmiş 80 ədəd sikkə nümayiş olunur.
Sərgi “Şirvanşahlar dövlətinin inzibati quruluşu və dövlətçilik ənənələri”, “Hərb işi”, “Dənizçilik”, “Sənətkarlıq və ticarət”, “Şəhərlər”, “Elm və mədəniyyət” mövzuları əsasında qurulub. Sərgidə muzeyin sualtı arxeologiya tədqiqat qrupu tərəfindən Xəzər dənizində aşkar edilmiş eksponatlar da nümayiş olunur. Şirvanşahlar dövlətinin xüsusiyyətlərini izah etmək məqsədilə sərgidə 25 informasiya-məlumat paneli qurulub. Burada yazılı məlumatla bərabər sxemlər, rəsmlər təqdim edilir.
Sərgi 2018-ci il mayın 15-dək davam edəcək.