Bir neçə gündür ki, Bakıda tanınmış alman fotoqrafı Sven Markvardtın “Altar”, yəni mehrab adlı audiovizual instalyasiyası nümayiş etdirilir. İnstalyasiya ilə Almaniya-Azərbaycan Mədəniyyət Birliyində - “Kapellhaus”da tanış olmaq olar.
Sven Markvardt hələ 70-80-ci illərdə fotoqrafiya sənəti ilə məşğul olub. O həm də Şərqi Berlinin avanqard musiqi məkanında tanınan şəxslərdən olub. Panklar və yeni rok musiqi hərəkatını yaradan və yaşadan üsyankar gənclər Svenin fotokamerasının obyektivindən düşmürdülər. 1989-cu ildə Berlin divarı uçurulduqdan sonra tanınmış fotoqraf meylini musiqiyə salır və foto işindən uzaqlaşır. Lakin 2007-ci ildə yeni qüvvə və ideyalar ilə ilk sənətinə qayıdır.
Son on ildə Sven Markvardt Berlinin gecə həyatının məşhur simalarını təsvir edən fotoqraf kimi tanınır. Onun ağ-qara portretlərinin qəhrəmanları da elə öz dostları, həmkarlarıdır.
Bakı Höte Mərkəzi (Goethe-Zentrum Baku) tərəfindən “Kapellhaus”da nümayiş etdirilən audiovizual instalyasiya Svenin tanınmış texno-klub fiquru DJ və musiqi prodüseri Marsel Dettmann ilə əməkdaşlığının bəhrəsidir. Sərgini martın 7-dək hər gün saat 14-dən 20-dək ziyarət etmək olar.
G.Mirməmməd