Daşkənddəki Sənət və Mədəniyyət İnstitutunda (SMİ) Azərbaycan mədəniyyəti günü keçirilib
və Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılışı olub.
Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə yaradılan mərkəzə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı kitablar, musiqi və bədii filmlərin diskləri, milli geyim və musiqi alətlərimiz hədiyyə edilib. Mərkəzdə Azərbaycan suvenirləri, rəsmlər, tanınmış musiqiçilərimizin portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına dair banerlər yerləşdirilib.
Açılış mərasimində məlumat verilib ki, mərkəzdə mədəniyyətin müxtəlif sahələrinə dair açıq dərslər, tələbələr üçün Azərbaycan kinosu və musiqisi ilə bağlı tədbirlər keçiriləcək.
Azərbaycan mədəniyyəti günü çərçivəsində AMM ilə SMİ arasında əməkdaşlığa dair memorandum da imzalanıb.
AMM-in direktoru Samir Abbasov Daşkənd və Səmərqənd şəhərlərində dəfələrlə Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini qeyd edib, əsas məqsədin milli mədəniyyətimizin təbliği olduğunu vurğulayıb.
S.Abbasov iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə institutun rektoru İbrahim Yuldaşova AMM-in diplomunu və Azərbaycan xalça sənətinin bir qolunu əks etdirən “İrəvan xalçaları” kitabını hədiyyə edib.
Bədii hissədə institutun tələbələri Qarabağın milli geyimlərini nümayiş etdirib.
Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən səhnələr nümayiş olunub, AMM-in nəzdindəki “Azərbaycan qızları” və oğlanlardan ibarət “Süvari” rəqs ansamblları milli rəqslərimizi ifa ediblər.
Sonda Azərbaycan Milli Kitabxanası tərəfindən göndərilən nəşrlər institutun kitabxanasına təqdim edilib.