Sakit... Məşq gedir! 
   
   Eşitdik ki, Gənc Tamaşaçılar Teatrında “Qar kraliçası” nağıl-tamaşasının məşqləri gedir. Öncə bir az təəccübləndik: Üzü yaza gedən vaxt, Novruz öncəsi “Qar kraliçası”? Olmaya, bu tamaşa paytaxtın qarsız keçən qışının səhnədə “kompensasiya”sı olacaq?.. 
   Cavabını verə bilməyəcəyimiz suallarla özümüzü çox yormayıb üz tutduq teatra. Çünki məşq prosesində bizim az qala Hans Kristian Andersenin sağlığından bəri Yeni il şou-tamaşası kimi dərk etdiyimiz “Qar kraliçası”na müraciətin məramını biləcəkdik. 
   ...Hər kəslə salamlaşıb, quruluşçu rejissor Elşad Rəhimzadədən icazə alaraq salonda əyləşirik. Məşq musiqi parçalarının göstəriyə uyğunlaşdırılması mərhələsindədir. Tamaşanın bir aktyor heyəti səhnədədir, o biri iştirakçılar da salonda əyləşib səhnədə baş verənləri seyr edir, quruluşçu rejissorun hansı məqamda səhnəyə hansı işığın düşəcəyi, həmin məqamda musiqinin necə səslənəcəyi barədə səs rejissoru və işıqçılarla söhbətini dinləyirlər. Bu məşqə bir növ texniki keçidlərin məşqi də demək olar. 
   
   Bəxtimiz gətirib, tamaşanın lap ilk səhnələrini izləyirik. Və gördüklərimizdən artıq anlayırıq ki, bu “Qar kraliçası” bizim alışdığımız “Qar kraliçası” deyil. Çünki adi nağıl belə başlaya bilməz... Tamaşanın sirrini açmaq kimi olmasın, vokaliz sədalarının eşidildiyi dramatik musiqi səslənir, bu zaman göydən yerə parıldayan kağız qırıqları yağır və bu qırıqlar səhnədə kimə toxunursa, onun görkəmində, hərəkətlərində dəyişiklik baş verir, vahiməli səslər çıxarır. Yəni bir növ triller filmlərində gördüyümüz olaylara bənzər metamorfoza...
    
   Kay (Anar Seyfullayev) isə çaşqınlıq içindədir, dostlarının halındakı bu dəyişiklikdən baş açmır, bağıraraq bu dəyişikliyin səbəbini soruşur. Amma ona cavab verən yoxdur. Hər kəs öz halındadır. Elə bu anda külək uğultusuna bənzəyən musiqi səsi gəlir və Külək görünür. Məlum məsələdir ki, külək özü görünmür. Sadəcə, iri külək maskasını hərəkət etdirən aktyor Elşən Şıxəliyev səhnəyə gəlir. Onun hədəfi isə Kaydır. Bu yerdə uca musiqinin içindən rejissorun mikrofonla dediyi sözlər eşidilir: 
   - Elşən, maskanı bir qədər iti tərpət. Musiqinin ritminə qulaq as. Başa düşürəm, bir az ağırdır. Amma sən onu oynatmalısan ki, külək effekti anlaşılsın. Anar, sən də Küləyə qarşı bir qədər mücadilə et, ona təslim olmaq istəmədiyini tamaşaçıya anlat. Bu səhnəni bir də təkrar keçək. Zaur (rejissor işıqçıya müraciət edir), sən də özün üçün qeyd et orada. Nadir (bu isə rekvizitləri səhnəyə gətirən işçidir), o taxtı səhnəyə işıq tam sönən məqamda gətirməyə çalışın. Bəlkə də onu ikiniz əl üstdə gətirin ki, həm vaxt getməsin, həm də təkərlərin səsi tamaşaçının fikrini yayındırmasın. Bir də getdik! 
   
   Epizod təzədən məşq edilir. Bu dəfə artıq aktyorlar musiqini, musiqi də işığı gözlədiyindən rejissorun arzuladığı effekt alınır. Növbəti epizoda keçiddən əvvəl rejissor yenidən öz göstərişini verir: 
   - Gerda (Xəyalə Meydanova) səhnəyə çıxıb birinci dəfə “Kay” deyib qışqıranda musiqi azalsın ki, ikinci dəfə Kayı çağıranda aktrisanın səsi tam eşidilsin. 
   
   Məşq davam edir. Musiqi və işıq effektləri dəqiqəbədəqiqə hadisələrə uyğunlaşdırılır, aktyorlar dolğunlaşan mizanları təkrarlayaraq yadda saxlamağa çalışırlar. Axır ki, rejissor səslənir: “Uşaqlar, on dəqiqəlik fasilə!”. 
   Biz də fürsəti ötürməyib quruluşçu rejissordan tamaşanın ideyası, ənənəvi Yeni il nağılı hesab etdiyimiz əsərin fərqli tərzdə təqdimatı barədə fikirlərini soruşuruq: 
   - Bəri başdan deyim ki, biz Qar kraliçasının şıltaqlığına son qoyulması ilə bitən nağıl hazırlamamışıq. Hətta afişada tamaşanın janrını triller olaraq yazmışıq. Niyyətimiz 12-15 yaşlı məktəbliləri maraqlandıracaq bir tamaşa qoymaq olub. Özünüz də bilirsiniz ki, insan bu yaşda mistikaya, fəlakət lentlərinə, qorxulu filmlərə meyil edir. Bəlkə otuz il əvvəl bizim tamaşadakı bədheybətlərdən birini səhnəyə çıxarsaydıq, uşaqlar qorxardı. Amma bugünkü yeniyetmə Helloun bayramı ilə maraqlanır, kompüterdə, smartfonda qəribə-əcaib virtual oyun qəhrəmanları ilə “yarışır”. Andersenin bu nağılında çox böyük dramatizm var. Biz də həmin dramatizmi göstərmək istədik. 
   - Tamaşa hansı suala cavab axtarır? 
   - Qar kraliçasının dünyanı buza çevirmək istəyinin arxasında nə durur? Məlum olacaq ki, o özünə bərabər qüvvəyə malik bir nəfər axtarır. Tamaşanın sonunda görəcəyik ki, onun krallığında nə qədər cavan oğlan donubmuş! Bircə Kay kraliçanın soyuğuna qarşı dözümlü çıxır. Lakin Kayı donmağa qoymayan Gerdanın məhəbbəti və dost sədaqəti oğlanı kraliçanın əsarətindən xilas edir. 
   
   Premyera martın 16-na nəzərdə tutulub. Bizə bunu əlavə etmək qalır ki, tamaşada Anar Seyfullayev və Vahid Orucoğlu (Kay), Mehriban Hüseynova, Könül Əbilova və İradə Tosova (Qar kraliçası), Aygün Fətullayeva və Xəyalə Meydanova (Gerda), Elşən Şıxəliyev və Ceyhun Məmmədov (Şahzadə, Külək), Əməkdar artist Qəmər Məmmədova, Zemfira Əbdülsəmədova və Dilarə Fərəcullayeva (Qoca qarı, Kayın nənəsi), Mirzəağa Mirzəyev və Yusif Dadaşov (Qarğa), Nuranə Hüseynova və Zümrüd Quliyeva (Lapland qadın, Şahzadə qız) və Xalid Bəkirov (Maral) rollarında məşğuldurlar. 
   Əsəri dilimizə çevirən və səhnələşdirən Elşad Rəhimzadədir. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır, tamaşanın plastik həlli Ceyhun Dadaşova məxsusdur. 
   Baharda gələn “Qar kraliçası” barədə hələlik bu qədər.
   
   Gülcahan Mirməmməd