Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yeni layihələr üzərində işləyir
   
   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab nəşrə hazırlanır. Fondun prezidenti Günay Əfəndiyeva bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovla görüşündə məlumat verib.
   Fondun ümumtürk tarixi və mədəniyyəti ilə bağlı bir sıra layihələr üzərində işlədiyini diqqətə çatdıran Günay Əfəndiyeva səfirliyin bu xüsusda göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, hazırlanan yeni nəşr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş abidələrin tədqiqi və həqiqətlərin dünyaya çatdırılması məqsədi daşıyır.
   Səfir Rəşad Məmmədov deyib ki, türkdilli xalqların tarixi köklərinin, ortaq irsinin, mədəniyyətinin bir-birinə bağlılığı Türk dünyasının mədəni zənginliyindən xəbər verir. O, həyata keçirilən layihələrdə bundan sonra da Fonda dəstək verəcəklərini vurğulayıb.
   * * *
   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Uyanık ilə görüşündə də türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətdən söz açılıb, əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb. 
   Səfir türk xalqlarının dünya mədəniyyətinə böyük töhfələr verdiyini, Türk dünyasının dahi mütəfəkkirlərinin, ədib və alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını bildirib, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu irsin təbliğində rolunu yüksək qiymətləndirib.