Azərbaycan kinosu 120
120 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan kinosunun lentlərində tarixin yaddaşına nələr köçməyib. Görkəmli aktyorlarımızın yaratdıqları möhtəşəm obrazlar, tarixi şəxsiyyətlərimizin həyat hekayətləri, ədiblərimizin portretləri. Bu yazıda bir əsr öncə, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarının müxtəlif illərdə istehsal edilən ekran əsərlərindəki obrazlarından bəhs edəcəyik. Sovet dövrünün ideoloji-siyasi tələblərinə görə neqativ çalarlarla təqdim edilsələr belə, ssenarist və rejissorlarımız sətiraltı da olsa, onların müsbət tərəflərini, tarixi şəxsiyyət kimi çəkilərini göstərə biliblər.
Ümumiyyətlə isə, tarixi şəxsiyyətlərin kinoya, yaxud ədəbiyyata obraz kimi gətirilməsi məsuliyyət tələb edir...
“İşarəni dənizdən gözləyin”...
İsmayıl Şıxlı, Ramiz Rövşən və Firudin Ağayevin ssenarisi əsasında 1986-cı ildə lentə alınan bu bədii filmin quruluşçu rejissoru Ceyhun Mirzəyevdir. Kinolentdə Cümhuriyyətin əksər tanınmış simalarının obrazını görə bilirik. Filmdə Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda aparılan mübarizədən danışılır. Cümhuriyyətin Baş naziri Nəsib bəy Yusifbəylinin obrazını Xalq artisti Həsənağa Turabov yaradıb.
Yusif bəy İbrahimli də ilk demokratik respublikamızın tanınmış simalarından biridir. Azərbaycanın ilk neft mühəndisi olan Y.İbrahimli 1920-ci ildə bolşeviklər tərəfindən qətlə yetirilib. O, silahdaşı Nəsib bəylə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakını tərk etmək məcburiyyətində qalır. 1921-ci ildə Gürcüstanda milli hökumət hələ də hakimiyyətdə olduğundan Cümhuriyyətin bir çox nümayəndələri Tiflisə üz tutmaq məcburiyyətində idi. Kürdəmirdə dostlarından birinin evində gecələyən bu iki şəxsiyyəti Əliheydər Qarayevin dəstəsi izləyərək güllələyir. Nəsib bəyin qəbri sonradan tapılır və nəşi Gəncədə dəfn edilir. Yusif bəyin məzarı isə tapılmır.
Filmdə obrazı canlandırılan Xosrov bəy Soltanov ali tibb təhsili alıb (Nəriman Nərimanovla Odessada oxuyub), milli hökumətdə hərbi nazir, sonra əmək naziri vəzifələrində çalışıb. Cümhuriyyətin süqutundan sonra o, İstanbula köçür və 1947-ci ildə orada vəfat edir.
Yeri gəlmişkən, Səməd Mərdanovun 1939-cu ildə çəkdiyi “Kəndlilər” filmində də Xosrov bəyin obrazı var. İsmayıl Osmanlı həmin rolu ustalıqla oynayıb. Bu, Azərbaycan kinosunda Cümhuriyyət nümayəndələrinin ilk obrazı idi.
Cümhuriyyətimizin aparıcı simalarından biri də Fətəli xan Xoyski idi. O, Rusiya II Dövlət Dumasının deputatı olmuşdu, milli hökumətin ilk Baş naziri idi. F.Xoyski də bir çox silahdaşları kimi Cümhuriyyətin süqutundan sonra, 1920-ci ildə Tiflisə köçür. Həmin il iyunun 19-da orada erməni daşnakları tərəfindən qətlə yetirilir.
İki filmimizdə F.Xoyski haqqında məlumat verilir. İlk ekran işi Rasim Ocaqovun 1974-cü ildə lentə aldığı “Qatır Məmməd” filmidir. Film sovet ideologiyasına uyğun lentə alınmışdı və Cümhuriyyətə qarşı vuruşan Qatır Məmməd bir qəhrəman kimi göstərilmişdi. Filmdə mənfi planda təqdim olunan milli hökumət nümayəndələri isə Azərbaycan istiqlalının əsl mücahidləri idi. F.Xoyski obrazını İsmayıl Dağıstanlı yaratmışdı.
2015-ci ildə ekranlara vəsiqə alan “Əli və Nino” filmində isə F.Xoyski obrazı ideoloji təhrifə məruz qalmadan, tarixi şəxsiyyət kimi əks olunub. Filmdə Xoyski rolunu məşhur türk aktyoru Halit Ərgənc oynayıb. Kino mütəxəssislərinin fikrincə, aktyor qəhrəmanının xarakterik cizgilərini dolğunluqla yaratmağa nail olub.
Vətənin mütəxəssislərə ehtiyacı var...
Rejissor Əjdər İbrahimovun 1971-ci ildə lentə aldığı “Ulduzlar sönmür” və Arif Babayevin 1981-ci ildə ekranlaşdırdığı “Birisigün gecəyarısı” bədii filmlərində tariximizin Cümhuriyyət salnaməsindən maraqlı epizodlara rast gəlirik.
Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun obrazının canlandırıldığı “Ulduzlar sönmür” filmində Cümhuriyyətin simalarından söhbət açılır. Filmdə maraqlı bir dialoq var:
“ - Vətənin mütəxəssislərə ehtiyacı var.
- Bizim vətənimiz yoxdur. Siz onu Rusiyaya satmısız.
- Mənim balaca xalqımın böyük ürəyi var. Kiməsə qul olmağa razılaşmaz”. Nəriman Nərimanov bolşevizmə sidq ürəklə inansa da, eyni zamanda millətçi idi. Onun Cümhuriyyətin görkəmli simaları ilə gözəl dostluğu var idi. Filmdə bolşeviklərlə Nərimanovun daha bir dialoqunu xatırlayaq: “-100 nəfərin güllələnməsini təklif edirlər. Mən isə onları heç tanımıram. Niyə bu təklifi mən imzalamalıyam?” Ekran əsərində himnimizin müəllifləri haqqında da fikirlər yer alır: “ - Bəstəkarın nə aidiyyəti var? - O, müsavatçılara himn bəstələyib”.
Tarixçilər Nərimanovun Azərbaycan xalqı qarşısında ən böyük xidmətləri sırasında onun 1925-ci ilə qədər, vəfat etdiyi günə kimi cümhuriyyətçilərin qorunmasına çalışmasını xüsusi qeyd edirlər.
Filmdə Cümhuriyyət hökumətində hərbi nazir olmuş Səməd bəy Mehmandarov və artilleriya generalı Əliağa Şıxlinskinin obrazları yaradılıb. Ən yaddaqalan səhnələrdən biri onların ölümdən xilas olma məqamıdır. 1920-ci ildir. Bu iki görkəmli hərbi xadimi güllələməyə aparırlar. Amma möcüzə baş verir. Bu zaman N.Nərimanov insanların qarşısını kəsir və Leninin məktubunu komissarlara təqdim edərək onları ölümün əlindən alır.
Bu filmdə də Nəsib bəy Yusifbəylinin obrazı ilə qarşılaşırıq. Görkəmli aktyor və rejissor Adil İsgəndərov onun surətini böyük məharətlə canlandırıb.
“Birisigün gecəyarısı” filmində Nərimanovun obrazını görkəmli aktyor Məlik Dadaşov yaradıb. Filmdə Cümhuriyyət dövründə dövlət dəstəyi ilə xaricə təhsil almağa göndərilən 100 tələbənin taleyinə toxunulur. Milli hökumət süquta uğradıqdan sonra həmin tələbələrin maddi vəziyyəti çətinləşir. Onlar 1920-ci ildə Maarif Nazirliyinə kömək üçün müraciət edirlər. Nərimanov bu müraciətə dərkənar qoyaraq onların təhsillərinin davam etməsi üçün təcili olaraq böyük məbləğdə maddi vəsaitin ayrılmasını təmin edir.
S.Mehmandarovun daha bir obrazı Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları generalı Həzi Aslanova həsr edilən “Sizi dünyalar qədər sevirdim” filmində yer alıb. Rejissor Rasim İsmayılovun 1985-ci ildə lentə aldığı filmdə Səməd bəyin obrazını unudulmaz aktyorumuz Şahmar Ələkbərov yaradıb.
1918-ci ildə Cümhuriyyətin səhiyyə naziri, daha sonra isə Gəncə qubernatoru (1919-1920) olmuş Xudadat bəy Rəfibəylinin obrazı isə Rasim Ocaqovun “Qatır Məmməd” (1974) filmində canlandırılıb. Bu obraz (Gəncə qubernatoru) görkəmli sənətkar Məmmədrza Şeyxzamanovun ifasında maraqlı alınıb.
“Kölgən dövlət quşu, qondu başıma!”
Rejissor Ramiz Həsənoğlunun Xalq yazıçısı Anarın ssenarisi əsasında lentə aldığı “Cavid ömrü” filmində (2007) istiqlal şairimiz, himnimizin sözlərinin müəllifi Əhməd Cavadın obrazını Xalq artisti Nurəddin Mehdixanlı yaradıb. Mir Cəfər Bağırovun məhkəməsini əks etdirən sənədlərdə 1930-cu illər repressiyasının qurbanı olan Ə.Cavadla bağlı etirafı diqqəti çəkir. O bildirir ki, Cavad güllələnməyib, müstəntiqlərin ən qəddar işgəncələrinə rəğmən heç bir suala cavab verməyib, nəticədə ürəyi partlayaraq ölüb. Cümhuriyyət sevdalı, istiqlal nidalı şair 1919-cu ildə qələmə aldığı “Azərbaycan bayrağına” şeirində xalqımızın əldə etdiyi müstəqilliyi millətin başına qonmuş “dövlət quşu” kimi dəyərləndirmişdi.
Bu filmdə böyük dramaturq və şair Cəfər Cabbarlının da obrazı yer alıb. Onun müstəqillik ruhlu əsərləri bu gün də vətənsevərlik nəğmələri kimi səslənir. C.Cabbarlının üçrəngli bayrağımızı ifadə edən “Yaşıldonlu, mavigözlü, alyanaqlı sevdiyim” misrası isə milli duyğusunun tərcümanıdır.
“Əbədi ezamiyyət” - Vətənə yol yoxdur!
Xalq Cümhuriyyətinin qurucu simalarının obrazlarını 2016-cı ildə rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədovun çəkdiyi “Əbədi ezamiyyət” tammetrajlı sənədli-bədii filmində (ssenari müəllifi Müsəllim Həsənov) görə bilirik. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan ekran əsəri 1919-cu ilin yanvarında Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Filmin final səhnəsi 1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Ə.Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə yekunlaşır. Filmdə həmçinin Məmməd Məhərrəmov, Məmmədhəsən Hacınski, Əkbər ağa Şeyxülislamov, Miryaqub Mirmehdiyev, Abbas bəy Atamalıbəyov və başqa cümhuriyyətçilərin obrazları canlandırılıb.
* * *
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb tarixi böyük həcmli filmlər üçün maraqlı mövzudur. Ümid edirik ki, rejissorlarımız bu salnamədən istifadə edərək, müstəqillik kontekstində ekran əsərləri ərsəyə gətirəcəklər.
Lalə Azəri