Mingəçevir Dövlət Dram Teatrı 50 
   
   Martın 10-da peşəkar Azərbaycan teatrının yaranmasının 145 ili tamam olur. Bu illərdə milli teatrımızın tarixində neçə-neçə sənət məbədi yaranıb, aktyor nəsilləri yetişib və bir-birini əvəzləyib. Peşəkar səhnədə öz yeri olan teatrlarımızdan biri də bu il 50 illik yubileyini qeyd edən Mingəçevir Dövlət Dram Teatrıdır. 
   1968-ci ilin sonları gənclər şəhəri kimi tanınan Mingəçevirin mədəni-ictimai həyatında bir dönüş ili olaraq yaddaşlarda yaşayır. Məhz bu ildə Mingəçevirdə Dram Teatrının yenidən yaradılması ilə bağlı tarixi sərəncam verilib. Şəhərdəki Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Xalq teatrının truppasının bazasında Mingəçevir Dövlət Dram Teatrı təşkil edilib. Teatr 1969-cu il martın 28-də - Beynəlxalq teatr günü münasibətilə öz pərdələrini Cəfər Cabbarlının “Almaz” pyesinin ilk tamaşası ilə açıb. 50 illik tarixi yol keçən teatrın repertuarında klassik və müasir dramaturqların pyesləri hər zaman geniş yer tutub. Bu fikir Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də imzaladığı sərəncamda da vurğulanır. Sərəncamda qeyd olunur ki, teatr yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer verib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak edib.
   Ötən illərdə M.İbrahimovun “Kəndçi qızı”, İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, S.S.Axundovun “Eşq və intiqam”, N.V.Qoqolun “Müfəttiş”, M.F.Axundzadənin “Hacı Qara”, “Lənkəran xanının vəziri”, C.Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, C.Məmmədquluzadənin “Ölülər”, H.Cavidin “Ana”, N.Xəzrinin “Qütb ulduzu”, A.Arbuzovun “Sərt oyunlar”, Ə.Haqverdiyevin “Pəri cadu” və başqa məşhur əsərlər teatrın səhnəsində maraqlı rejissor traktovkasında tamaşaçılara təqdim olunub. 
   * * *
   Hər zaman repertuar zənginliyinə xüsusi önəm verən teatrının yaradıcı kollektivi filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimlinin “Sadığın toyu” adlı ikihissəli məzhəkəsini yubiley ərəfəsində tamaşaçılara təqdim edib. 1992-ci ildə ilk dəfə “Maşın” komediyası ilə Gəncə Dövlət Dram Teatrında tamaşaçılarının görüşünə gələn Sahib İbrahimlinin dramaturgiyasına Mingəçevir Dövlət Dram Teatrı birinci dəfə müraciət edir. “Maşın” komediyasından sonra S.İbrahimlinin qələmə aldığı “Bəylər və xanımlar” və “Yaponlar gəlir” komediyaları da Azərbaycan dramaturgiyasında yeni bir fikir və baxış kimi səciyyələnib. Ancaq 1999-cu ildən sonra müəllifin komediyalarına teatrlarımızda rast gəlmək mümkün deyildi. Dramaturq “Sadığın toyu” komediyası ilə yenidən diqqəti cəlb edə bilib. Pyes 2016-cı ildə ilk uğurlu səhnə taleyini rejissor, Xalq artisti Vaqif Şərifovun quruluşunda Gəncə Dövlət Dram Teatrında yaşayıb, daha sonra 2017-ci ildə Ağdam Dövlət Dram Teatrında rejissor Kərim Həsənlinin quruluşunda maraqla qarşılanıb. Qeyd etməliyəm ki, Azərbaycan dramaturgiyasında komediya janrında Sabit Rəhman yaradıcılığından sonra yaranan boşluğu öz tamlığı ilə 60 və 80-ci illərdə aradan qaldıra biləcək Altay Məmmədov dramaturgiyası mövcud idisə, bu gün həmin janrda dramaturgiyanın layiqli davamçısı Sahib İbrahimlinin komediyalarıdır. 
   “Sadığın toyu” ailə-məişət mövzusunda qələmə alınıb. Tamaşa Dozanqurdu kəndinin kasıb ailələrindən olan Cəfər kişinin evində olan hadisələrlə başlayır. Lakin müəllif bir ailə daxilində baş verən əhvalatların miqyasını bilərəkdən genişləndirərək cəmiyyətin neqativ görüntülərini bəzi reallıqları ilə üzvi şəkildə, əlaqəli formada təsvir edə bilib. Cəfər kişi (Əməkdar artist Şıxı Yaqubov) qoduğu satıb evin sonuncu oğlu olan Sadığa (Eyvaz Əliyev) toy eləmək fikrinə düşür. Onun ömür-gün yoldaşı Nərgiz (aktrisa Afət Əliyeva) də ərinin bu fikri ilə razılaşır. Cəfər kişi qoduğu öz həmkəndlisi olan Bığ Mürsələ (aktyor Asim Məmmədov) satır. Elə tamaşadakı bütün komik planda olan hadisələr də bundan sonra başlanır. Hadisələr bir qoduğa görə əldə edilən min manatın başında cərəyan etməklə daha da gərginləşir. İnsanların pula hərisliyi, rüşvətxorluq hallarının baş alıb getməsi balaca bir kəndin həyatında maraqla izlənilir. Əslində müəllif bu əsəri ilə göstərir ki, pula olan hərislik bütün insani keyfiyyətlərin fövqündədir. 
   Pyesdə ailədaxili gərginliyi artıran ən maraqlı hadisələrdən biri də Sadığa qız seçməkdə ailə başçısı Cəfər kişi ilə evin xanımı Nərgizin fikirlərinin qəti şəkildə bir-birindən fərqli olmasıdır. Onlar bu barədə bir-biri ilə bərk mübahisə edir və fərqli ailələrin qızlarını təkidlə oğullarına təklif edirlər. Sadıq isə bunun qarşılığında tamam başqa bir ailənin qızını sevdiyini bildirir.
   Çox keçmir ki, ailədəki bu gərginliyə başqa bir gərginlik də əlavə olunur. Cəfər kişinin ailəli oğlanları olan Mozu, Şəppəli, Hoppadan və hətta Moskvada yaşayan qızı Qızbəs də qoduğun satıldığını eşidib bu qazancdan onlara düşən payı təkidlə tələb edirlər. Burada hadisələrin fonunda övladların hər üçü də səhnədə çox dinamik və maraqla izlənilən xarakterlər kimi təqdim olunur. Mozu (Elvin Əkbərli), Şəppəli (İlqar Rəhimov), Hoppadan (Paşa Salmanov) özlərinə xas ştrixlərlə hadisələrin daha da maraqla izlənməsinə şərait yarada bilirlər. Pyes boyu oğlanların atası olan Cəfər kişi ilə anası Nərgiz xala övladlarına başa salmağa çalışırlar ki, qoduğun satışından əldə olunan pulla Sadığa toy eləmək istəyirlər. Lakin övladları valideynlərinin sözlərinə nəinki məhəl qoymur, hətta müxtəlif tərzdə atalarını hədələyirlər də. 
   Tamaşada maraqla izlənilən obrazlardan biri də Şıxı Yaqubovun yaratdığı Cəfər kişi obrazıdır. Cəfər kişi tamaşa boyu öz maraqlı danışığı ilə diqqət mərkəzində olmaqla bərabər, həm də təmkinli və tədbirlidir. Kənar təzyiq və təsirlərə baxmayaraq, onu heç bir qüvvə öz fikrindən döndərə bilmir. Əməkdar artist Şıxı Yaqubovun səhnədə hər bir sözü və jestləri rejissor traktovkası ilə uyğunlaşaraq əsərin mahiyyətinin açılmasında əsas rol oynayır. 
   Evin xanımı Nərgiz xala aktrisa Afət Əliyevanın ifasında övladlarının hər birinin xarakterini dərindən bilən, hər birinin dili ilə onları danışdırmağı bacaran bir obrazdır. Aktrisa obrazın daxili aləmini açaraq onun üçün şöhrətpərəstliyin və qohum olacağı şəxslərin vəzifə, tutduqları mövqelərinə görə seçilməsinin əsas olduğunu ustalıqla göstərir. Aktrisa Nərgiz xalanın ailəsinin qürurunu qorumaq, həyat yoldaşı Cəfər kişinin müdafiəsinə qalxmaq kimi ştrixlərini öz oyunu ilə dəqiq çatdıra bilir.
   Sadığın (Eyvaz Əliyev) ata-anasından xəbərsiz sevdiyi Lalənin (Nargilə Abdullayeva) az qala zor gücü ilə bu evin gəlini olmaq cəhdi, qoduğu alan Bığ Mürsəlin (Asim Məmmədov) sövdələşməni pozmaq, verdiyi pulu geri almaq istəyi də tamaşadakı ümumi gərginliyə yeni bir rəng qatır. Aktyor Eyvaz Əliyevin maraqlı ifası tamaşanın ümumi axarına, maraqla izlənilməsinə böyük təsir göstərir. Tamaşa boyu jestləri və rəqsi səhnədə onun istedadlı bir aktyor kimi püxtələşməsindən xəbər verir. 
   Kənd icra nümayəndəsi Tanrıverdinin (Aydın Quliyev), kənd bələdiyyəsinin sədri Salmanın (Qabil İbrahimli) və polis sahə müvəkkili Qoçuyevin (Firuz Hacıyev) gəlişi ilə tamaşadakı gərginliyin yeni və daha güclü dalğası başlanır. “Kəndin ağası” sayılan bu “qoçular” da qoduğun satışından əldə olunan puldan pay umurlar və bunun üçün müxtəlif hiylələrə əl atırlar. Hər vəchlə Cəfər kişidən pul qoparmağa çalışan bu “kənd ağaları” onu min bir bəhanə ilə şərləsələr də, istəklərinə çata bilmirlər. Tamaşa gözlənilməz və nikbin bir sonluqla başa çatır. Heç kimin gözləmədiyi halda Sadıq və Lalə bir-birilərinə qovuşurlar. 
   Tamaşaya Ağdam Dövlət Dram Teatrından dəvət olunan rejissor Kərim Həsənli quruluş verib. Rejissor pyesin ideyasına, ana xəttinə uyğun olaraq maraqlı bir səhnə əsəri ərsəyə gətirib. Əslində hadisələr pyesdə müəllifin ideyasına görə, bir məkanda cərəyan edir. Ancaq rejissorun bir məkan görünüşünü ikiyə bölməsi tamaşanın daha da baxımlı olması üçün ümdə şərait yaradıb. Rejissor maraqlı səhnə mizanları ilə hadisələrin daha dolğun bir formada çatdırılması üçün bütün imkanlardan istifadə edərək insanların pula olan hərisliyini balaca bir kəndin həyatında yaddaqalan formada təqdim etməyə çalışıb və buna nail olub.
   Səhnə əsərinin maraqla izlənilməsində quruluşçu rəssamın da işi xüsusi qeyd edilməlidir. Əməkdar rəssam Rafael Həşimovun maraqlı tərtibatı rejissor işi ilə həmahənglik təşkil edir. Kənd həyatının canlılığı və absurd təxəyyül mənbəyi olan detalların daha çox istifadə edilməsi tamaşaya xüsusi bir zövq qataraq diqqəti cəlb edir.
   Tamaşanın musiqi tərtibatı Elnur Rəsulova məxsusdur. Səhnədə baş verən hadisələrin daha dinamik göstərilməsində, cərəyan edən hadisələrin daha dolğun bir şəkildə açılmasında musiqinin xüsusi önəm daşıdığı qeyd edilməlidir. 
   * * *
   Tamaşanın finalında toy olacağını müjdə verən Sadıq, əslində, bir daha insanları gənclərin qayğısına qalmağa, ailədə sağlam əhval-ruhiyyə yaratmağa, mənəvi-əxlaqi dəyərlərimizə hörmət və ehtiramla yanaşmağa, pul hərisliyindən çəkinməyə, məmur özbaşınalığına, eləcə də tamahkarlığa qarşı mübarizəyə səsləyir. Sahib İbrahimlinin bu əsəri bir daha göstərir ki, əslində teatr bir növ ictimai səsdir, baxışdır, qınaqdır, xalqın fikri və dilidir. Məhz teatr bu cür neqativ halları daha təsirli şəkildə diqqətə çatdıra bilər. Sətirlərin arasında incə bir halda, komediya janrında səsləndirər və xəfifcə gülər... 
   
   Anar Bürcəliyev
   teatrşünas