AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Prezident yanında Bilik Fondunun dəstəyi “Azərbaycanda dövlət gənclər siyasəti və Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzusunda seminar keçirilib.
Tədbirdə “Azərbaycanda gənclər siyasəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” və s. mövzularda məruzələr dinlənilib. Həmçinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi redaktoru və ön sözün müəllifi olduğu “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920)” kitabları haqqında məlumat verilib.
Seminarda Azərbaycan Dövlət Pedaqoji və Dillər universitetlərinin tələbələri, H.Mahmudbəyov adına 2 nömrəli Texniki-humanitar elmlər liseyinin şagirdləri iştirak ediblər.
* * *
Bilik Fondunun Lənkəran Dövlət Humanitar Kollecində keçirdiyi tədbirdə isə Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət sahəsində gördüyü işlərdən danışılıb.
Fondun lektoru Şəhla Aslanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət siyasəti” mövzusunda mühazirəsi dinlənilib. O, milli hökumətin ölkəmizdə muzeylərin, ali məktəb müəssisələrinin, kitabxanaların yaradılması istiqamətində fəaliyyətindən bəhs edib. Diqqətə çatdırılıb ki, İstiqlal Muzeyi, “Türk Ocağı” Cəmiyyəti, “Azərbaycan” qəzeti, türk dilində ilk böyük kitabxana, ilk rəssamlıq studiyası, Bakıda ilk ali məktəb məhz o dövrdə yaradılıb.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.