Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə vurğulanır ki, sivilizasiyaların qovuşuğunda özünün misilsiz mədəni-mənəvi sərvətlər xəzinəsini yaratmış xalqımızın çoxəsrlik zəngin irsinin yaşadılmasında, milli düşüncəmizin parlaq ifadəçisinə çevrilmiş dilimizin saflığının qorunub saxlanılmasında analarımızın müstəsna xidmətləri var. Ədəbiyyatımızda daim gözəlliyin və zərifliyin mücəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan dərin mənəviyyatlı Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoyub.
Yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir.
“Əminəm ki, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvənizi əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəksiniz”, - deyə təbrikdə qeyd olunur.