Martın 6-da Gəncliyə Yardım Fondunda Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri - xeyriyyə sərgisi” təşkil edilib.
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim tədbiri açaraq bildirib ki, ənənəvi xeyriyyəçilik aksiyası hər il yeni layihələrə həsr olunur. Builki xeyriyyə sərgisindən əldə olunacaq vəsait də fondun “100 illik əmanət” və “Qardaşlığımız əbədidir” layihələrində istifadə ediləcək. Layihə çərçivəsində Cümhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq tələbələr üçün məlumat turu təşkil ediləcək.
Milli Məclisin deputatı Sona Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın həyat yoldaşı Meltem Özoral, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir və başqaları çıxışlarında əlamətdar gün münasibətilə xanımları təbrik edərək onların cəmiyyətdə oynadığı rolu qeyd ediblər.
Tədbirdə iki qardaş ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, “Qardaşlığımız əbədidir” adlı videoçarx nümayiş olunub.
Sərgi 3 gün davam edəcək.