8 mart Beynəlxalq Qadınlar Günüdür. XX əsrin əvvəlində sosial-demokrat qadın hərəkatının simvolik tarixi kimi ortaya çıxan, daha sonra kommunist təmayüllü bayram (xüsusilə SSRİ-də) kimi qeyd edilən bu gün əsrin ikinci yarısında tədricən siyasi çalarlarını itirdi.
Onu da qeyd edək ki, Azərbaycanın da daxil olduğu Sovetlər Birliyində 8 mart 1966-cı ildə rəsmi bayram - qeyri-iş günü elan olunub və o vaxtdan kişilər də qadınların hesabına bu günü istirahət edirlər. Hərçənd bu “istirahət” nəticədə onlara baha başa gəlir. 1977-ci ildə isə BMT Baş Assambleyası dünya ölkələrinə 8 martı “hər bir ölkənin adət və ənənələrinə uyğun olaraq” qadın hüquqları uğrunda beynəlxalq gün kimi qeyd etməyi tövsiyə edib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 8 mart təqvimimizdə öz yerini qorudu. Zaman və dövranla bərabər bu günün mahiyyəti də dəyişib və gözəllik, zəriflik, sevgi və səadət bayramı kimi özəllik qazanıb. Biz də Azərbaycanın bütün xanımlarını bayram münasibətilə təbrik edir, sevinc dolu günlər, xoş həyat arzulayırıq.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvarına ölkə əhalisinin ümumi sayının 50,1 faizi və ya 4 milyon 960 min 100 nəfərini qadınlar təşkil edib. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,2 faizdir. Onlar ən çox təhsil sistemində, mədəniyyət və səhiyyə sahəsində çalışırlar. Elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında xanımlar 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir.