Xəbər verildiyi kimi, ölkə başçısı “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə hazırlanan Dövlət Proqramında bir çox tədbirlər nəzərdə tutulub.
Proqrama əsasən, Bakıda və regionlarda fəaliyyət göstərən xalçaçılıq emalatxanaları Azərbaycanın mədəni turizm marşrutlarına daxil ediləcək. Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloq hazırlanacaq. Kataloqun hazırlanmasını Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Xalça Muzeyi, “Azərxalça” ASC təmin etməlidir.
Eyni zamanda Mədəniyyət və Turizm, İqtisadiyyat nazirliklərinə, “Azərxalça”ya itirilmə təhlükəsi olan nadir Azərbaycan xalçalarının və xalça məmulatlarının müasir üsullarla bərpasına dəstək mexanizmləri ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri, AMEA və “Azərxalça” xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyət həyata keçirməlidir. Həmçinin Azərbaycan Xalça Muzeyi üçün əhəmiyyət kəsb edən eksponatların alınması, Azərbaycan xalçalarının dünyaya tanıdılması məqsədilə xaricdə sərgilərin təşkil edilməsi, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması ilə bağlı tədbirlər nəzərdə tutulub.
Proqramda “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması da əksini tapıb. İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-yə Azərbaycanda istehsal olunan xalçaların ixracının təşviqi üçün internet portalının yaradılması da tapşırılıb.