Xəbər verdiyimiz kimi, Orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən olan Bərdə türbəsində təmir-bərpa işləri aparılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi əsasında “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında həyata keçirilən bərpa prosesi tamamlanıb.
Dövlət xidmətindən verilən məlumata görə, prosesə ölkəmizin bərpaçıları, həmçinin İranın Ərdəbil şəhərindən dəvət olunmuş mütəxəssislər cəlb edilib.
Abidənin bərpası ilə yanaşı ərazidə də abadlıq işləri aparılıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi abidəyə zərər vurulmadan sökülüb, layihəyə uyğun olaraq kərpiclə hörülüb, kərpiclərin üzərinə kaşı vurulub. Abidənin sadə və mürəkkəb formalı kaşı elementləri, kaşılararası tikişlər təmizlənərək bərpa olunub, sərdabə hissəsi köhnə suvaqdan təmizlənərək kaşı elementləri əlavə edilib. Həmçinin türbənin ətrafında yerləşən Torpaqqalada da bərpa-konservasiya işləri görülüb.
Qeyd edək ki, 1322-ci ildə inşa edilən türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar sovet dövründə dağıdılaraq yararsız hala salınmışdı. 1957-1958-ci illərdə aparılan təmir işləri zamanı erməni əsilli layihəçi, mühəndis və bərpaçılar tərəfindən türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilmiş, ağır beton abidənin tarixi görkəmini dəyişməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olmuşdu.
Türbənin kürsülüyü daşdan, gövdəsi silindrik şəkildə bişmiş kərpicdən hörülüb, damı günbəz şəklindədir. Türbənin divarları adi və üzərinə firuzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənib. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülüb. Bu cür orijinal hörgünün kərpiclə düzülmüş naxışlarında bütün gövdə boyu çoxlu sayda “Allah” sözü yazılıb. Bu səbəbdən Bərdə türbəsinə xalq arasında “Allah-Allah türbəsi” də deyilir.
Sovet dövründə türbə üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdıldığından onun kimin şərəfinə ucaldıldığı məlum deyil. Türbənin üzərində qalan yazı onun naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən inşa olunduğunu göstərir.