Abu-Dabidəki ən çoxmillətli məktəb olan “Gems American Academy” təhsil kompleksində keçirilmiş “Beynəlxalq mədəniyyət günü” tədbirində Azərbaycan stendi də qurulub.
Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin xanımı Ülviyyə Şikarova və Azərbaycan icması tərəfindən birgə təşkil edilmiş stenddə respublikamızın mədəniyyət və turizm imkanlarına dair materiallar, suvenirlər, Azərbaycan kəlağayısı nümayiş olunub və tədbir iştirakçılarına paylanılıb. Həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, işğal nəticəsində ölkəmizin təbiətinə və mədəniyyətinə vurulan zərər, tarixi abidələrin dağıdılması barədə məlumatları əks etdirən lövhə quraşdırılıb.
Azərbaycan stendi tədbir iştirakçılarının marağına səbəb olub. Ziyarətçilərə milli kulinariyamızın dolma, aş, qutab, şəkərbura, paxlava, şəkərçörəyi kimi nümunələri, təbii meyvə şirələri təqdim edilib.