ingilis şlyapası və yapon başmaqları
Əsl adı Ranbir Rac - dünyaca məşhur aktyor, rejissor, prodüser və ssenarist Rac Kapur.
Sovet dövründə kinosevərlərin Hindistanın kino sənəti ilə tanışlığı “Avara” filmi ilə başlamışdı. Həmin ölkənin incəsənət xadimləri 1954-cü ilin sentyabrında ilk dəfə Moskvada keçirilən hind filmləri festivalına bu ekran əsərini də gətirmişdilər. Film rejissorun gözlədiyindən də artıq müvəffəqiyyət qazanmışdı. Rac Kapur o vaxt zarafatla belə demişdi: “Mənim “Avara”m burada özünə mənzil və dost tapdı”.
Azərbaycanın kinosevərləri isə 1955-1956-cı illərdə əvvəlcə “Avara”, sonra “Cənab 420” filmlərinə “Nizami” və “Vətən” kinoteatrlarında saatlarla növbəyə dayanıb, bilet aldıqdan sonra baxa bilmişdilər. Hər iki film tamaşaçıları ovsunlamışdı. «Avara» filmindəki mahnının melodiyası və Rac Kapurun adı dillər əzbəri oldu. Gənclər o melodiyanı həvəslə hər yerdə oxuyurdular. Qızlar isə filmin ikinci qəhrəmanın yaradan aktrisa Nərgizə (Fatimə Rəşid) məftun olduqlarını gizlətmir və ona oxşamağa çalışırdılar. O vaxtlar R.Kapurun filmləri seyrçiləri sanki möcüzəli bir aləmə aparırdı. Həmin aləmin təravəti, saf hisləri indi də xatirələrdə yaşayır...
Rac Kapur 1924-cü il dekabrın 14-də Peşəvarda doğulub. Atası Prithvirac Kapur məşhur aktyor və teatr rejissoru olub. Kiçik yaşlarından sənət aləminə daxil olan Rac «Rancit» kinostudiyasında rejissor assistenti kimi işə başlayıb. Eyni zamanda atasının yaratdığı “Prithvi Theatres” truppasında aktyor olub. O, 1935-ci ildə 11 yaşında ilk dəfə «Zəlzələdən sonra» filminə çəkilib. 1943-cü ildən başlayaraq filmlərdə epizodik rollara, 1946-cı ildə isə «Valmiki» filmində baş rola dəvət alıb. Daha sonra bir-birinin ardınca «Mavi lotos», «Çittaridə qələbə», «İstəkli xanım», «Məhkum olunmuş» (V.Hüqonun «Səfillər» romanı əsasında) və s. ekran əsərlərində müxtəlif səpkili rollar oynayıb. Kapur aktyorluq karyerası dövründə ümumilikdə 70-dən çox filmə çəkilib.
Aktyorluqdan rejissorluğa
Lakin o, uşaqlıqdan rejissor olmaq istəyirdi. 1947-ci ildə 23 yaşlı gənc Bombeydə «Rac Kapur-films» studiyasını yaradır. Həmin günləri o, belə xatırlayırdı: “Başlanğıcda əməkdaşlarımızın sayı az idi. İşçilərin və maliyyənin çatışmazlığını ruh yüksəkliyi ilə əvəz edirdik. Çəkiliş zamanı bütün günü işləyirdik, bəzən yeməyi və istirahəti də unudurduq. Rəssam, bəstəkar və fəhlələr eyni vaxtda kütləvi səhnələrdə iştirak edir, bəzən kiçik rolları da oynayırdılar”.
Kapur isə qəhrəmanları oynamaqdan əlavə, ssenarist, rejissor, prodüser və inzibatçı vəzifələrini də icra edirdi. Çəkilişlərdə tərəf-müqabili olan gözəl, lirik aktrisa Nərgiz ona həmişə kömək edirdi. Əvvəlcə «Alov» (1948), sonra isə «Yağış mövsümü» (1949) filmlərini çəkən Kapur məhəbbət və ehtiram mövzusunu sənətə gətirməklə yaradıcılıq istedadını nümayiş etdirir, mütəxəssislərin və tamaşaçıların diqqətini özünə cəlb edə bilir.
“Yağış mövsümü”ndə Kəşmir vadisinin gözəl mənzərələri, bəstəkarların ürəyəyatımlı nəğmələri filmə xüsusi rəng qatırdı. Bundan əlavə, Kapurun aktyorluq traktovka üslubu, xüsusilə romantik məhəbbət səhnələri filmi son dərəcə baxımlı edirdi. Pakistan qaçqınlarının taleyindən bəhs edən bu kinolent çəkiliş qrupuna böyük məbləğdə gəlir qazandırmışdı. Gənc kollektivə yaradıcılıq uğuru gətirən ekran əsəri onu daha böyük film üzərində işləməyə sövq edir.
1951-ci ildə Rac Kapur ikiseriyalı “Avara” filmini çəkmək qərarına gəlir. İfaçıları çox axtarmalı olurlar. Racın atası hakim Raqunatın roluna aktyor tapmaq xüsusilə çətin olur. Bu barədə Kapur belə demişdi: “Atamı həmin obrazda görmək təbii olardı. Ancaq mən cəsarət edib ona - hind kinosunun veteranına bu rolu təklif edə bilməzdim. Nəticədə təkcə atamı yox, babamı da filmə çəkilməyə razı saldım”. “Avara” filmi üzərində iş üç il davam etdi. Film başa çatmamış vəsait qurtardı. O zaman Kapur və Nərgiz digər kinoşirkətlərin filmlərinə çəkilməyə başladılar. Qazanılan pulları isə öz filmlərinin ehtiyacına xərcləyirdilər.
Kapurun filmləri dünya ekranlarına çıxır
«Avara» filmi Hindistanda böyük müvəffəqiyyət qazandıqdan sonra dünyada, o cümlədən SSRİ-də ekranlara yol tapır. Geniş tamaşaçı rəğbətini qazanan film rejissora dünya şöhrəti gətirir və 1953-cü ildə Kann kinofestivalının «Qızıl palma» mükafatına layiq görülür. Həmin ildən etibarən Bombeydəki balaca studiyaya müxtəlif ölkələrdən turistlərin axını başladı. O zaman Kapur haqqında çox danışır və yazırdılar, onu Çarli Çaplinlə müqayisə edirdilər. Fransız kinoşünası Jorj Sadul yazırdı: “Rac Kapur dünyası öz bədbəxt qəhrəmanı və əhatəsində olan sadə, təmizqəlbli insanlarla bərabər, eyni zamanda vicdansız polis məmurları, varlı, boynuyoğun ağaları və gözəl xanımları ilə Çaplinin dünyasına çox bənzəyir”.
Qazanılan uğurdan ruhlanan Rac Kapurda yeni ikiseriyalı “Cənab 420” satirik komediyasına quruluş vermək həvəsi yaranır. Çəkilişləri 1955-ci ildə başa çatan bu film də bir növ “Avara”nın davamı idi. Racın yaratmış olduğu balacaboy, yöndəmsiz geyimli, başına ingilis şlyapası qoymuş, ayağına yapon başmaqları geymiş safürəkli, nikbin xasiyyətli və gələcəyə ümidlə baxan adamı tamaşaçı qəlbən sevir və ona rəğbət bəsləyir.
Filmdə sosial ədalətsizliyə qarşı səsini ucaldan Rac məzlumların müdafiəçisi kimi çıxış edir. Şəhərə qazanc dalınca gələn qəhrəman insanlar arasındakı qeyri-bərabərliyi görür və bu vəziyyət onu çox narahat edir. Xalqın zəhməti hesabına varlanan, günlərini restoran və kazinolarda keçirən, şişman bədənli, piyləşmiş sifətli adamları görmək artıq onu bezdirir. Bir müddət sonra Rac şəhər mühitindən üz döndərərək ata ocağına dönmək qərarına gəlir. Son kadrlarda Rac yolboyu oxuya-oxuya «apar məni, yapon başmaqları, mən doğma kəndimə qayıtmaq istəyirəm» - deyir. Mahnı və rəqslərlə zəngin olan «Cənab 420» filmi Benqal Kinojurnalistlər Assosiasiyası tərəfindən doqquz nominasiya üzrə mükafat aldıqdan sonra pərəstişkarları Kapura Hindistanın ən yaxşı rejissoru adını verirlər.
Qazandığı mükafatlar və tamaşaçı məhəbbəti Kapuru daha səylə işləməyə həvəsləndirir, yeni mükafatlar qazanır. «Ayıq olun!» filminə görə Kapur Karlovı-Varı festivalında «Qrin-pri» mükafatına (1957) layiq görülür. Rac Kapur 20-dək filmin quruluşçu rejissoru və prodüseri olub. 60-70-ci illərdə o, “Sanqam”, «Mənim adım Kloundur», «Bobbi», «Həqiqət, müqəddəslik və gözəllik» və başqa filmləri çəkir. Gənclərin romantik məhəbbətindən bəhs edən «Bobbi» filminin kommersiya uğuru qazanması onun istedadlı rejissor olmasını bir daha sübut edir.
Sovet kinosevərlərinə yaxşı tanış olan «Bobbi» filmində, müəlliflərin sözlərinə görə, yalnız Hindistanda Romeo və Cülyetta məhəbbətinin səadətə qovuşmasının şahidi olmaq mümkündür. Kasıb qızla milyonçu ailəsindən olan gəncin sevgisinə nə nəsil ədavəti, nə də sinfi mübarizə mane ola bilir.
Kino ulduzunun Bakı görüşləri və iki korifeyin dostluğu
Hind xalqının böyük oğlu Rac Kapurun həyatında Bakı ilə əlaqədar tarixi məqamlar da əksini tapıb. Bakı kinosevərləri ölməz sənətkarın filmlərini seyr etməklə bərabər, özü ilə də canlı ünsiyyətdə olmaq imkanı əldə ediblər. 1956-cı ildə, sonra isə 1965-ci ildə SSRİ-də keçirilən Hindistanın mədəniyyət günləri çərçivəsində Kapur Bakıya gəlmişdi. Yeri gəlmişkən, xatırladaq ki, ilk dəfə onun Bakıya gəlişinin təşəbbüskarı Azərbaycan vokal sənətinin korifeyi Rəşid Behbudov olmuşdu.
R.Kapur Bakıda olarkən Azərbaycanın kino sənəti ilə də maraqlanmış və Hüseyn Seyidzadənin «O olmasın, bu olsun» filminə baxandan sonra onun rejissorluq işinə yüksək qiymət vermişdi. Hətta o, H.Seyidzadəyə və quruluşçu operator Ə.Atakişiyevə Hindistana gəlib, orada film çəkməyi təklif etmişdi.
«Avara» filminə baxandan sonra Rac Kapurun aktyorluq istedadına valeh olan ölməz müğənnimiz R.Behbudov onunla şəxsən tanış olmaq istəmişdi. İki böyük sənətkarın ilk görüşü SSRİ incəsənət xadimlərinin 1952-ci ildə Hindistana səfəri zamanı baş tutdu. Onların yaradıcılıq ideyaları ilə bir-birini tanış etməsi möhkəm dostluğun başlanğıcı oldu.
Qeyd etmək lazımdır ki, bu istedad sahiblərinin oxşar cəhətləri də var idi. Hər ikisi dekabrın 14-də anadan olmuşdu və ailə üzvlərinin də əksəriyyəti incəsənətə xidmət edirdi. R.Kapur Rəşid müəllimin oxuduğu mahnıları dinlədikdən sonra onun ifaçılıq məharətini çox bəyənmiş və görüşlərin birində belə demişdi: “Əgər bilsəydim ki, Rəşid hind mahnılarını belə gözəl ifa edir, mütləq onun səsini filmlərə yazardım”.
İlk görüşdən sonra R.Behbudov bir neçə dəfə Hindistana getmiş və Kapurla ünsiyyətdə olmuşdu. Onlar şərikli film çəkməyi də planlaşdırırdılar. Lakin hind kino ustadının uzun sürən ağır xəstəliyi bunun reallaşmasına imkan vermədi. R.Kapurun xəstəliyindən xəbər tutan Rəşid müəllim 1988-ci ilin avqustunda Bombeyə gedərək, aktyorun yaşadığı evində onunla görüşdü. Sadiq dostu ilə son dəfə görüşdüyünü hiss edən Kapur ona bir neçə xatirə hədiyyəsi bağışladı.
1988-ci il dekabrın 2-də Rac Kapur 64 yaşında vəfat etdi. Ondan yarım il sonra isə R.Behbudov dünyasını dəyişdi...
Həsən Tağıyev