Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyası tərəfindən ilk dəfə qazax dilində Cümhuriyyət haqqında məlumat, fakt və sənədlərin əks olunduğu kitab çapa hazırlanır.
   Bu barədə Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali məlumat verib. Akademiyanın rəhbəri qeyd edib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən nüfuzlu alimlərin məqalələrinin yer aldığı kitabda Cümhuriyyətin o dövrdə Mərkəzi Asiyada mövcud olmuş muxtariyyətlərlə əlaqələrindən də bəhs ediləcək.
   Darxan Kıdırali qeyd edib ki, qazax dilində indiyədək Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı dolğun məlumatların əks olunduğu mənbə yox idi. Kitab may ayında Bakıda və Astanada təqdim olunacaq.
   Bundan başqa, Azərbaycan alimlərinin iştirakı ilə Astanada Cümhuriyyətin 100 illiyinə həsr olunan seminar da təşkil ediləcək. İyunun 18-də Qazaxıstanda keçiriləcək III “Böyük Çöl” Humanitar Forumunun bir paneli isə bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunacaq.
   Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransındakı fəaliyyətini əks etdirən “Əbədi ezamiyyət” sənədli filminin də Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə subtitrlə tərcüməsi və 28 May - Respublika Günü ərəfəsində Qazaxıstan televiziya kanallarında yayımlanması nəzərdə tutulur.
   Darxan Kıdırali onu da deyib ki, Beynəlxalq Türk Akademiyasının rəhbərliyi, 26 ölkədən tədqiqatçıların iştirakı ilə hazırlanan “Təhlükədəki türk dilləri” dördcildliyi bu il aprelin 30-da UNESCO-nun mənzil-qərargahında təqdim olunacaq.
   Beynəlxalq Türk Akademiyası “Türk dünyasının 100 görkəmli şəxsiyyəti”nin siyahısını da tərtib etmək niyyətindədir. Layihə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən “Mənəvi yeniləşmə” (“Ruhani janğıru”) proqramı çərçivəsində reallaşdırılacaq.
   D.Kıdıralinın sözlərinə görə, bu layihə dünya tarixində öz izini qoymuş türk xalqlarının böyük nümayəndələrinin adlarının aşkarlanması məqsədi daşıyır.