Almaniyada yaşayan azərbaycanlı gənc rejissor Elmar İmanov Amerika Kino Akademiyasının tələbələr üçün nəzərdə tutulan “Oskar” mükafatını qazanıb. Rejissorun “Tabutçunun yelləncəyi” filmi “Xarici film” nominasiyası üzrə bürünc medala layiq görülüb.
İyunun 11-də Hollivudda keçirilən mükafatlandırma mərasimində mükafatı tanınmış amerikalı aktrisa və rejissor Lora Dernin təqdimatında qəbul edən Elmar İmanov film üzərində işləyən heyətə və prodüserə minnətdarlığını bildirib. Soydaşımız Köln Beynəlxalq Film Məktəbini bitirib. “Tabutçunun yelləncəyi” filmi onun diplom işidir.
Bu il “Tələbə Oskarı”ı mükafatına 29 müxtəlif ölkədən 51 film təqdim edilib. “Xarici film” nominasiyasında Amerika Kino Akademiyası tərəfindən, Elmar İmanov da daxil olmaqla, üç istedadlı gənc rejissor qalib seçilib. “Tabutçunun yelləncəyi” filmi Azərbaycanda yaşayan ailədə ata ilə onun əqli cəhətdən zəif oğlu arasındakı mürəkkəb münasibətlərindən bəhs edir.