Martın 4-də Los Ancelesdə, Hollivudun məşhur “Dolbi” kinoteatrında Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatının təqdimat mərasimi keçirilib. 
   "Oskar" heykəlciklərinin sayca 90-cı təqdimatı sürprizsiz ötüşüb. Hərçənd gecənin əsas intriqasında - “Ən yaxşı film” nominasiyasında mükafatın meksikalı Guillermo del Toronun “Suyun forması” filminə verilməsi bəziləri üçün gözlənilməz olub. Ekran əsəri bir qədər əvvəl BAFTA və “Qızıl qlobus” mükafatlarını qazanaraq “Oskar” üçün əsas favorit sayılan Martin Makdonaxın “Ebbinqin sərhədində üç bilbord, Missuri” filmini qabaqlayıb. Qeyd edək ki, “Suyun forması” həmin mükafatlardan kənarda qalsa da, ötən il Venesiya kinofestivalında “Qızıl şir”ə layiq görülüb. “Oskar” gecəsində Guillermo del Toro da “Ən yaxşı rejissor” kimi mükafatlandırılıb. 
   “Suyun forması” filmi “soyuq müharibə” dönəmində gizli laboratoriyada çalışan lal qadın (Salli Hokins) ilə buradakı naməlum antropomorf varlıq (insan-amfibiya) arasında münasibətlərdən bəhs edir.
   “Ebbinqin sərhədində üç bilbord, Missuri” filmi isə “Ən yaxşı aktrisa” (Frensis Makdormand) və “İkinci planda ən yaxşı aktyor” (Sem Rokuel) nominasiyalarında fərqlənib.
   “Ən yaxşı aktyor” nominasiyasında “Qaranlıq saat” filmində yaratdığı Uinston Çörçill obrazına görə Qari Oldman seçilib, “İkinci planda ən yaxşı aktrisa” adını isə "Mən, Tonya" filminə görə Allisson Janney qazanıb.
   Bundan başqa, “Xarici dildə ən yaxşı film” mükafatı Çili rejissoru Sebastyan Lelionun “Fantastik qadın” filminə verilib. Rus rejissor Andrey Zvyagintsev ilk beşlikdə olan “Sevgisizlik” filmi ilə mükafata iddia etsə də, 2015-ci ildə (“Leviafan” filmi) olduğu kimi, yenə diqqətdən kənarda qalıb.
   “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında “Əziz basketbol”, “Ən yaxşı tammetrajlı animasiya filmi” nominasiyasında “Kokonun sirri”, “Ən yaxşı qısametrajlı sənədli film“ nominasiyasında “Cənnət 405-ci şosedəki tıxacdır”, “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “İkar” (Rusiyada idmançıların dopinq qalmaqalından bəhs edir), “Ən yaxşı qısametrajlı bədii film” nominasiyasında “Lal uşaq” “Oskar”a layiq görülüblər.
   Həmçinin Cordan Pil “Rədd ol” filminin ssenarisinə, bəstəkar Aleksandr Despla “Suyun forması” filmi üçün yazdığı musiqiyə, Kristen Anderson-Lopes və Robert Lopes “Kokonun sirri” filmi üçün yazdıqları “Remember Me” (“Məni xatırla”) mahnısına görə mükafatlandırılıblar.
   Qeyd edək ki, "Oskar" mükafatı Amerika Kino Akademiyası tərəfindən 1927-ci ildə təsis edilib.
   
   İlona